Hər il olduğu kimi, bu ilin də son həftələrində mədəniyyət ocaqlarında, o cümlədən teatrlarımızda xüsusi canlanma hiss olunur. Yeni il şənliklərinə hazırlıq gedir. Qış tətilində balaca tamaşaçıların istirahətini rəngarəng etmək üçün teatrlarda maraqlı proqramlar tərtib edilir, yeni tamaşalar səhnəyə qoyulur.
   
   Akademik Milli Dram Teatrı uşaqlar üçün Nicat Kazımovun quruluşunda «Məlikməmməd» nağılını səhnələşdirir. Dekabrın 29-dan yanvarın 5-ə qədər teatrda bu tamaşa ilə yanaşı, müəllifi Xanım Həsənova, rejissoru Vaqif İbrahimoğlu olan «Tülkü, tülkü, tümbəki» tamaşası təqdim olunacaq. Həmin günlər teatra gələn uşaqları qapıda Şaxta baba və Qar qız salamlayaraq, tamaşaya baxmağa dəvət edəcək.
   Musiqili Komediya Teatrı da Yeni il şənliyinə xüsusi tədarük görür. Teatr dekabrın 25-dən yanvarın 6-dək qapılarını balacaların üzünə açacaq. Teatrda Arzu Soltanın «Qış bayramı» adlı səhnə əsəri əsasında Anar Məmmədovun quruluşunda tamaşa hazırlanır. Dənizçilərin Mədəniyyət Evində göstəriləcək səhnə əsərindən əvvəl teatrın foyesində uşaqlara Şaxta baba və Qar qızın iştirakı ilə xüsusi proqram təqdim ediləcək. Sonra uşaqlar tamaşaya dəvət ediləcəklər.
   Gənc Tamaşaçılar Teatrı da tamaşaçılarını bayram günlərində sevindirmək üçün çalışır. Yaradıcı heyət «Cuppulu əjdaha» nağılı əsasında Yeni il tamaşası hazırlayır. Tamaşanın rejissoru və səhnə tərtibatçısı Nicat Kazımovdur. Yeni il nağılını aktyorlardan Müşfiq Əliyev, İradə Rəşidova, Roza İbadova və Elgün Yəhyayev canlandıracaq. Gənc tamaşaçılar Teatrı da balaca tamaşaçılarına tamaşadan əvvəl Şaxta baba və Qar qızın iştirakı ilə xüsusi proqram təqdim edəcək. Yeni il proqramı dekabrın 28-dən yanvarın 5-dək davam edəcək.
   Bakı Uşaq Teatrında isə bayram münasibətilə «İllərin bəhsi» tamaşası hazırlanır. Tamaşada, adından da göründüyü kimi, illər mübahisə edir. Dovşan mübarizə aparır ki, daima onun ili hakim olsun. Lakin mübarizəsi uğursuz olur və sonda anlayır ki, heç nə əbədi deyil. Tamaşanın ssenarisini teatrın rəhbəri İntiqam Soltan yazıb və quruluşunu da özü həyata keçirir. Tamaşa boyu uşaqlarla ünsiyyət qurulacaq və balacalar səhnə əsərinin qəhrəmanlarının taleyinin həll olunmasında iştirak edəcəklər. Onlar bu tamaşaya baxmaqla şaxtanın xeyirli tərəflərini öyrənəcəklər. Bakı Uşaq Teatrı həmçinin Şaxta baba və Qar qızla uşaqların görüşünü də təşkil edəcək. Teatrda Qış bayramı dekabrın 28-dən yanvarın 7-dək davam edəcək.
   Uşaqların daima üz tutduğu məkana - Dövlət Kukla Teatrına da qış tətili günlərində baş çəkmək maraqlı olar. Çünki teatr uşaqlar üçün xüsusi olaraq «Balaca əjdahanın qış nağılı» adlı tamaşa hazırlayır. Şaxta baba, Qar qız və digərlərinin iştirak edəcəyi tamaşanın ssenarisi və quruluşu Rəhman Əlizadəyə aiddir.
   Qış tətilində teatrlarla yanaşı, Heydər Əliyev Sarayında da uşaqlar üçün maraqlı proqram təqdim olunacaq. Saray dekabrın 29-30-da uşaqlar üçün «Yeni il» şənlikləri keçirəcək. Şənlikdə «Renessans» rəqs teatrı, «Asiman» rəqs qrupu, uşaq muğam və aşıq ifaçıları çıxış edəcəklər. Sarayın səhnəsində uşaqlar üçün böyük şam ağacı da qurulacaq və Şaxta baba ilə Qar qız uşaqları təbrik edəcək. Yanvarın ilk günlərində isə saray uşaqları «Yeni il Madaqaskarda» adlı musiqili tamaşaya baxmağa dəvət edir. 3-4 yanvar tarixlərində uşaqlar Madaqaskar cizgi filmində gördükləri animasiyalardan əlavə, şaxta baba və Qar qızın çıxışlarını izləyə biləcəklər. Bu musiqili tamaşanı Moskva İri Kuklalar Teatrı təqdim edəcək.
   
   Gülər Nizamiqızı