Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclas zalında dünya şöhrətli alim, ictimai xadim, akademik Yusif Məmmədəliyevin vəfatının 50-ci ildönümü ilə əlaqədar xatirə mərasimi keçirildi. Tədbirdə «Akademik Yusif Məmmədəliyev” biblioqrafiyasının təqdimatı oldu.
   
   Tədbir iştirakçıları əvvəlcə alimin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
   Mərasimi AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq görkəmli alim, akademik Yusif Məmmədəliyevin elmi-ictimai fəaliyyəti, kimya sahəsindəki uğurları, kimya elminə verdiyi töhfələrdən danışdı. Azərbaycan kimya elminin inkişafında müstəsna xidmətləri olan böyük alimin elmi fəaliyyəti, yaratmış olduğu ənənələr, elmə gətirdiyi nailiyyətlərdən danışan M. Kərimov onu bütünlükdə dünya elminin, kimya sahəsinin sütunlarından biri adlandırdı. Qeyd olundu ki, XX əsrin böyük kimyaçı alimlərindən olan Y.Məmmədəliyevin elmi tədqiqatları nəticəsində Azərbaycanda nəhəng neft-kimya sənayesi qurulub. Alimin ixtirasının məhsulu olan yeni yanacaq texnologiyası II Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında böyük rol oynayıb.
   Azərbaycan kimya elmini dünyaya tanıdan alim həm şəxsiyyəti, həm də elmin və təhsilin inkişafı sahəsində gördüyü işləri ilə tarixdə və insanların qəlbində yaşayır.
   Alimin məhsuldar həyat yolunun hər zaman örnək olduğunu diqqətə çatdıran natiq onun iki dəfə Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilməsini məhz böyük zəka və təəssübkeş ziyalılığından qaynaqlandığını dedi: «O Azərbaycan elminə böyük töhfələr vermiş, onun tanıdılmasında böyük əmək sərf etmişdir. Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının yaradıcılarından biri, onun hərəkətverici qüvvəsi olub”.
   AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Nadir Seyidov görkəmli alim Yusif Məmmədəliyevin kimya elminin, müasir neft kimyası sənayesinin inkişafında əvəzsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, akademik 200-dən artıq elmi məqalənin və 6 monoqrafiyanın müəllifidir. Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır.
   Akademiklər Məhərrəm Məmmədyarov və Telman Əliyev, AMEA-nın müxbir üzvü Mustafa Salahov da böyük alimin çoxsaylı elmi tədqiqatları sayəsində elmimizin daha da inkişaf etdiyini qeyd etdilər. Bir zamanlar elmi rəhbərləri, müəllimləri olmuş Yusif Məmmədəliyev barəsində xatirələrini bölüşdülər.
   Xalq yazıçısı Çingiz Abdullayev böyük ziyalının gözəl alim olmaqla yanaşı, həm də tükənməz vətən sevgisindən, xalqa, millətə bağlılığından danışdı.
   Tanınmış şərqşünas alim, akademik Vasim Məmmədəliyev alimin böyük irsindən, ziyalı və şəxsiyyət kimi müsbət keyfiyyətlərindən söz açdı: «Alim var ki, elmini tərifləyib insanlığından sükutla keçirlər, alim də var ki, insan kimi çox söz yeri qoysa da elminin kasadlığından gileylənirlər. Amma Yusif hər iki mənada böyük idi, dahi idi. Kimya elmindən başqa o həm də türk və fars dillərinin gözəl bilicisi idi. Ona görə də o, dünya elm tarixində əbədi qalacaq».
   Sonda söz alimin qızı, mədəniyyət və turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Sevda Məmmədəliyevaya verildi. O, tədbirə gələnlərə, akademik haqqında xoş söz söyləyənlərə dərin təşəkkürünü bildirdi: “Yusif Məmmədəliyev 50 ildir ki, bizimlə yoxdur. Amma bu vaxta qədər biz qarşılaşdığımız hər məsələyə onun gözü ilə baxmışıq. Çünki onun övladları olmaq böyük məsuliyyətdir. Mən həyatım boyu bu böyük adın məsuliyyəti ilə yaşamağa çalışmışam. Bu 50 ildə xalqımızın taleyində də bir çox böyük hadisələr baş verdi. Ölkəmiz müstəqillik qazandı, azad oldu. Bu müstəqilliyin memarı olan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan elminə, onun nümayəndələrinə həmişə diqqət yetirib. O, Yusif Məmmədəliyevə də hörmətlə yanaşıb. Təsadüfi deyil ki, AMEA-nın qarşısındakı heykəl böyük öndərin təşəbbüsü ilə ucaldılıb».
   Nazir müavini ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə akademikin 100 illiyinin ölkəmizdə və UNESCO-da yüksək səviyyədə qeyd olunmasını dövlətin elmə diqqətinin təzahürü kimi qiymətləndirdi. Sevda xanım həmçinin nəfis tərtibatda çap olunan «Akademik Yusif Məmmədəliyev» biblioqrafiyasının ərsəyə gəlməsində əməyi olan hər kəsə ailəsi adından minnətdarlığını bildirdi.
   
   Həmidə Nizamiqızı