Böyük alim, ustad redaktor, görkəmli pedaqoq Nəsir İmanquliyevə həsr olunmuş elmi-praktiki konfrans keçirildi
   
   Azərbaycan mətbuatının inkişafı və təşəkkülündə müstəsna rolu, yüzlərlə jurnalistin yetişməsində əvəzsiz xidməti olan ziyalılarımızdan biri də görkəmli pedaqoq, böyük alim, ustad redaktor Nəsir İmanquliyevdir. Xalqın daim böyük dəyər verdiyi bu ziyalımızın 100 illiyi adına layiq səviyyədə qeyd olunur.
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 noyabr 2011-ci il tarixli sərəncamına əsasən, Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər keçirilir. Belə tədbirlərdən biri də dekabrın 20-də M.F.Axundzadə adına Milli Kitabxanada reallaşdı. Tanınmış elm və ədəbiyyat adamları, jurnalistlər, N.İmanquliyevin tələbələri, mətbuat və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi elmi konfransda böyük ziyalının həyat və yaradıcılığına nəzər salındı, “Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin “Bakı” - “Baku” təcrübəsi” mövzusuna həsr olunmuş konfransda jurnalistikamız, onun inkişafını səciyyələndirən amillərdən danışıldı.
   
   Örnək həyat yolu
   
   Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq mətbuat fədaisi, dövrünün liberal ziyalısı, azərbaycançılıq ideyalarının daşıyıcısı olan Nəsir İmanquliyev şəxsiyyətindən danışdı. Onun ziyalılığının, peşəkar redaktorluğunun, ustad pedaqoqluğunun hələ uzun illər belə konfrans və görüşlərin müzakirə predmeti olacağını dedi.
   Tədbirə aparıcılıq edən «525-ci qəzet»in baş redaktoru, AYB-nin katibi, yazıçı Rəşad Məcid də bir zamanlar jurnalistikanın sirlərini əxz etdiyi müəllimini xatırladı, onun mətbuatımızın, jurnalistikamızın inkişafındakı rolunu qeyd etdi. Nəsir İmanquliyevin yubileyi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamı yüksək qiymətləndirən R.Məcid bu sənədi ümumilikdə Azərbaycan mətbuatına, onun qələm əhlinə verilən yüksək dəyər kimi səciyyələndirdi. Mətbuatımızın patriarxı Nəsir İmanquliyevin yaratdığı “Bakı” və “Baku” qəzetlərindən söz açaraq bu nəşrlərdə “Əkinçi”nin, “Molla Nəsrəddin”in ideyalarının davam etdirdiyini, səhifələrində dövrün ən məşhur ziyalılarının, elm və mədəniyyət xadimlərinin imzalarının yer aldığını nəzərə çatdırdı.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Nəsir İmanquliyevin jurnalistikamıza gətirdiyi ənənələrdən, onun həyat və fəaliyyətindən danışdı: «O, çox mənalı və dolğun həyat yolu keçib. Qarşısına qoyduğu böyük məqsədlərə nail olaraq Azərbaycan elmi və mətbuatında öz sözünü deyə və bununla da yaddaşlarda qala bilib. Nəsir İmanquliyev jurnalistika sahəsində böyük uğurlara nail olub. Bunların içərisində təbii ki, ən başlıcası böyük jurnalistika məktəbi yaratmasıdır. Bu böyük ziyalını tanıyanlar çox gözəl bilir ki, o həm qayğıkeş insan, bununla yanaşı həm də tələbkar və səliqəli rəhbər, müəllim idi. O, 50 illik pedaqoji fəaliyyəti ilə minlərlə gəncə elm verib, sənət, qəzet, jurnalistika ilə məşğul olanlara öz bilik və bacarığını öyrədib. Jurnalistika təhsili ilə bağlı Azərbaycan dilində kitabların az olduğu vaxtda bu boşluğu doldurmağa çalışıb. Tələbələri Nəsir müəllimin yaratdığı qəzetlərdən örnək qəzetçiliyi, peşəkar, səlis redaktə, operativ jurnalistikanın sirlərini mənimsəyiblər”.
   Nəsir müəllimin jurnalistlərlə yanaşı, həm də əsl Azərbaycan vətəndaşı yetişdirdiyini, onları vətənə, millətə sevgi ruhunda tərbiyə etdiyini vurğulayan natiq onun yetirmələrinin bu gün ən müxtəlif vəzifələrdə ölkəyə ləyaqətlə xidmət etdiklərini vurğuladı.
   
   Gənc yazarların dostu
   
   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar görkəmli mətbuat xadimini ədəbiyyata, şeirə, sənətə gələn istedadlı yazarların, qələm əhlinin dostu adlandırdı. Nəsir İmanquliyev barədə xatirələrini bölüşən yazıçı ədəbi əsərlərin çap olunduğu «Bakı» qəzetinin onun imzasının tanınmasında da mühüm rol oynadığını dilə gətirdi: «Gənc yazarların əsərlərinə yerli-yersiz dəyişikliklər etmək, əlavə və ixtisarlar aparmaq kimi vərdişlər Nəsir müəllimdən uzaq idi. Onun hər müəllifə, hər yazıya fərdi yanaşma qabiliyyəti, yüksək duyarlığı vardı. Yazının ruhunu bəzən elə müəllifi qədər bilirdi, yaşayırdı. Bu mənada o, mənim ədəbi yaradıcılığımda, redaktor kimi taleyimdə mühüm rol oynayıb. O, hər müəllifə qayğıkeşliklə yanaşar və yaşından asılı olmayaraq, müəllifə, onun qələminə hörmət edərdi. Elə ona görə də onun qəzetinin öz imici, çəkisi var idi».
   Mətbuat Şurasının sədri Əflatun Amaşov belə görkəmli ziyalıların yaratdığı məktəbin yetirmələrinin simasında mətbuatımızın hələ uzun illər yaşayacağını dedi: «Nəsir müəllimin jurnalistika ilə bağlı fəaliyyəti barədə danışarkən təkcə yaratdığı «Bakı » və «Baku» qəzetlərinin adını çəkmək kifayət edər. Mən o vaxtlar Moskva Dövlət Universitetində təhsil alırdım və biz orada qəzetçilik təcrübəsi dərslərində axşam qəzetləri sırasında «Baku» qəzetindən də nümunə, dərs vəsaiti kimi istifadə edirdik. Təbii ki, bir azərbaycanlı kimi bu məni çox qürurlandırırdı. Nəsir müəllim o qəzeti həm də özünün jurnalistika məktəbi mərtəbəsinə qaldıra bildi. O, böyük müəllim idi. Onun bir məktəbi ADU-nun jurnalistika fakültəsindəki tədrisi, ikinci məktəbi ilə böyük ənənələrin daşıyıcısı olan redaksiyası, qəzetləri idi».
   AMEA-nın müxbir üzvü, akademik, millət vəkili Nizami Cəfərov Nəsir İmanquliyevin parlaq şəxsiyyətindən, azərbaycançılıq ideyalarının, milli məfkurə məsələlərinin sığma-boğma edildiyi məqamlarda öz sözünü demək məharətindən söz açdı. Onun ədəbiyyata, ədəbi tənqidə münasibətinin yüksək olduğunu, qəzet səhifələrində zəngin ədəbi mühit yarada bildiyini xatırlatdı.
   Akademik Vasim Məmmədəliyev isə atasının dostu, sinif yoldaşı kimi xatırladığı və daim böyük sevgi ilə andığı Nəsir İmanquliyevlə bağlı xatirələrini danışdı: «O özünə və qarşısındakına daim böyük hörmətlə yanaşardı. Sanballı, ağırbatman ağsaqqal idi. Amma təbii ki, o ağırlığın arxasında böyük bir nəcabət, ziyalılıq dururdu. O, sözün əsl mənasında kişi kimi kişi, ağsaqqal idi. Onun ziyasında insanlığı, sadəliyi, mehribanlığı, qayğıkeşlik təbii ki, ön sırada dururdu. Elə ona görə də o, neçə onilliklər bundan sonra da belə xoş sözlərlə xatırlanacaq».
   
   Ənənələrin «Bakı»sı
   
   Millət vəkili, yazıçı Elmira Axundova böyük ziyalının yaratmış olduğu qəzetin ənənələrinin ayrı-ayrı qəzetlərdə davam etdirildiyini dedi. O, həmçinin Nəsir müəllimin ruhuna ehtiram əlaməti olaraq «Bakı» qəzetinin yenidən, daha yüksək səviyyədə nəşr olunaraq yayılmasının vacibliyini qeyd etdi. Qəzetin əvvəlki populyarlığının qaytarılması üçün Nəsir müəllimin tələbələrinin səfərbər olması təşəbbüsü ilə çıxış etdi.
   Tanınmış jurnalist, bir zamanlar yubilyarın qəzetində çalışmış və elə imzasını da o mətbu orqan vasitəsi ilə tanıtmağa nail olmuş Zemfira Məhərrəmli də onu gözəl rəhbər, peşəkar baş redaktor kimi xatırladı. Nəsir müəllimin parlaq simasının daim belə xoş sözlərlə xatırlanacağını dilə gətirdi. Onun yetirmələrinin, sənətkarlıq məktəbinə az da olsa baş vuranların bundan daim fəxrlə danışdıqlarını etiraf etdi.
   Millət vəkili, Xalq yazıçısı Sabir Rüstəmxanlı isə milli ideyaların daşıyıcısı kimi mühüm missiyanı həyata keçirən N.İmanquliyevin ədəbiyyatımız, mədəniyyətimiz tarixində müstəsna rolu olduğunu vurğuladı. İnsanın xatırlandıqca yaşadığını deyən yazıçı N.İmanquliyevin də belə şəxsiyyətlərdən olduğunu dilə gətirdi. Onun yaratdığı qəzetin sovet dövrü mətbuatında bir növ müxalif, rəsmi fikirlərə uymadan millətin, xalqın mənəvi saflaşmasına, onların milli ruhda yetişməsinə təkan vermək kimi bəşəri missiyanı həyata keçirdiyini dedi. Həmin qəzetləri ən xırda xəbərləri, zarisovka və etüdləri belə yüksək bədiilik, peşəkarlıqla təqdim edən ən yaxşı mətbu nümunə adlandırdı.
   
   Müəllimlər müəllimi
   
   Millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov gözəl müəllim Nəsir İmanquliyevi daim xoş xatirələrlə andığını bildirdi. Bir qəzetçi kimi ondan çox şey öyrəndiyini və hələ uzun illər onun məktəbinin yetirməsi olmaq qürurunun onu tərk etməyəcəyini dedi.
   AzərTAc-ın baş direktoru Aslan Aslanov isə nəzəri və təcrübi cəhətdən məktəb adlandırdığı ustad redaktoru jurnalistikanı özünə peşə, ələlxüsus da həyat yolu seçənlər üçün örnək adlandırdı. Jurnalistikamızın, milli mətbuatın klassikinə çevrilmiş ziyalımızın yubileyinin dövlət tərəfindən qeyd olunmasını ziyalıya, mətbuat tariximizə qiymət kimi səciyyələndirdi. Onu müdrik insan, dövrünün tanınmış ziya yayıcısı, gözəl rəhbər, qeyri-adi istedada malik qəzetçi kimi xarakterizə etdi. Onun yaratdığı qəzeti ikinci jurnalistika fakültəsi adlandırmaqla çoxsaylı qələm əhlinə nümunə göstərdi.
   Sonda söz Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə verildi. Nəsir İmanquliyev haqqında xoş xatirələrini məclis iştirakçıları ilə bölüşən Arif Paşayev onun şəxsiyyətinin, alicənablığının, ziyalılığının hər zaman örnək olduğunu vurğuladı: «O mənim üçün çox əziz simalardandır. Maraqlı şəxsiyyəti var idi. O, millətinə, xalqına bağlı şəxsiyyət, jurnalistika peşəsinin fədaisi idi. Yorulmadan, usanmadan bu işlə məşğul olur və xalqının maariflənməsinə, informasiya təminatı ilə yanaşı, ədəbi səviyyəsinin də yüksəlməsinə xidmət edirdi».
   Konfrans iştirakçıları N.İmanquliyevin həyat və yaradıcılığının ən müxtəlif məqamlarının həkk olunduğu elektron məlumat bazası, səsinin yazıldığı fonoqramı və əsərləri, haqqında çıxan məqalələrin toplandığı sərgi ilə də tanış oldular.
   
   Həmidə Nizamiqızı