Xaqani yaradıcılığında sözün dəyəri
   
   Mənbələrdə intibah ədəbiyyatımızın ilk qüdrətli nümayəndəsi Xaqani Şirvani hesab edilir. O, Azərbaycan ədəbiyyatında ilk poemanın müəllifi olub. Çoxəsrlik tarixə malik qəsidə janrını əlçatmaz yüksəkliyə qaldırıb. Əsərləri dünya ədəbiyyatının ən yüksək yaradıcılıq nümunələri ilə yanaşı durmağa layiq görülüb. 

   Əfzələddin İbrahim Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub. Şairin babası toxucu, atası Əli Nəccar dülgər, əmisi və əmisi oğlu isə həkim və alim idilər. Şairin anası Rabiə müsəlmanlığı qəbul etmiş xristian qızı idi. Anasının atası sərkərdə, babası isə Kiçik Asiyanın Toqat şəhərindən olan möbid imiş. Atası oğlunu da dülgər etmək istəyir, onun təlim-tərbiyəsinə az diqqət yetirirdi.
   Erkən yaşlarından valideynlərini itirən Xaqani əmisi Kafiəddin Ömər ibn Osmanın himayəsində böyüyüb. Onun şair kimi yetişməsində və tərbiyəsində əmisinin xüsusi rolu olub. O, Xaqanini övladlığa götürüb və ona ilahiyyat, nücum, təbabət, fəlsəfə və riyaziyyat elmlərinə dair biliklər öyrədib. Xaqani on beş-on altı yaşında ədəbiyyata böyük maraq göstərir. Əmisi ilk qələm təcrübəsi olan şeirlərini görür və sevinir. Ona Həssanül-Əcəm (Əcəm Həssani) təxəllüsünü verir.
   Çox keçmir, gənc şair ictimaiyyət arasında tanınır və diqqət çəkir. Təxminən on səkkiz yaşında ikən Şirvanşahlar sarayından dəvət alır. Əvvəl tərəddüd edir, sonra dəvəti qəbul edir. Bir müddət sarayda çalışır və şəraitə uyğun mədhiyyələr yazır. Sonra onun təfəkküründə və mənəvi aləmində bir dəyişiklik-oyanış baş verir. Həyatı təlatüm və narahatlıq içində keçir, yaradıcılığı zəmanəsinin gərgin mübarizələri ilə bağlanır.
   Bir tərəfdən Yaxın və Orta Şərq ədəbiyyatında saray şeirlərinin gözəl nümunələrini yaradır. Dövrünün hökmdarlarına mübaliğəli təriflərlə dolu şeirlər həsr edir. Eyni zamanda sarayda qolu və hökmü güclülərə qarşı mübarizə ruhlu əsərlər yazır. Buna görə həbs olunur və Şabran zindanına atılır. “Həbsiyyə” kimi möhtəşəm əsəri də orada yaradır.
   Araşdırmalarda göstərilir ki, şair dövrünün müxtəlif elmlərinə dərindən bələd olub. Əbül-Əla Gəncəvi, Əbu Əli İbn Sina kimi Şərq filosoflarının əsərləri ilə yanaşı, ərəb dilindən tərcümələr əsasında yunan fəlsəfəsini və ədəbiyyatını da mənimsəyib. Xaqani bütün yaradıcılığı boyu elm və sözə dəyər verib, kitab və kitabxanalar haqqında qiymətli fikirlər söyləyib.
   Mənbələrdən məlumdur ki, Şamaxı şəhərində yaradılan ən zəngin kitabxanalardan biri də Xaqani Şirvaninin əmisi, dövrünün məşhur təbibi və filosofu Kafiəddin Ömər ibn Osmana mənsub olub. Yuxarıda qeyd etdiyimiz kimi, şair əmisinin müəllimliyi ilə elmin və ədəbiyyatın sirlərinə məhz bu kitabxanada vaqif olub. Şair əmisinin tərifinə yazdığı şeirlərində bu barədə deyir:
   
   Gördü ki, bələdəm hər nişanəyə,
   Apardı bir böyük kitabxanəyə.
   
   “Əmim yol göstərdi, amala yetdim, öyrətdi o mənə çoxlu elmi-fənn”, - deyən şairin ədəbi irsi çox zəngindir. O, Şərqin bir çox şəhərlərini - Ərdəbil, Həmədan, Bağdad, Şam, Mosul və İsfahan kimi mədəniyyət mərkəzlərini gəzir. Görkəmli alim və dövlət xadimləri ilə görüşür. Gəzib gördüyü yerlərin iqlimi, coğrafi şəraiti, əhalinin məişəti, əxlaqı və adət-ənənələri ilə tanış olur. Həmin səfərin nəticəsində "Mədain xərabələri", "Töhfət-ül-İraqeyn" adlı əsərlərini qələmə alır.
   Xaqani elm öyrənməyi yüksək dəyərləndirib. Böyüklərin ağıl və elmindən bəhrələnməyi, özünü elm və bilik kölgəsində saxlamağı və var-dövlətə zəhmətlə, biliklə çatmağı zəruri sayıb. Ağıllı adamları xalq üçün qənimət bilib. Etibarı kişinin şərəfi sayıb və deyib:
   
   Kişiyə şərəfdir bilik, etibar,
   Hörmət təvazölə olar bərqərar.
   Yüksəkdə duranda oturma, bil ki,
   Çəkidə yüngül şey yüksəkdə durur.
   
   Xaqani sözün cəmiyyətdə rolunu qiymətləndirərək yazır:
   
   Xaqani olmuşdur sözün xaqanı,
   Doludur ləl ilə sözünün kanı.
   O, sözə elə bir rövnəq verdi ki,
   Fəth etdi söz ilə bütün dünyanı.
   
   Doğrudan da, yaxşı söz demək və qiymətli əsər yaratmaq böyük sənətkara nəsib olub. Bu dünyada yalnız dəyərli və mənalı sözün qalacaq. Bunu yəqin edən şair özünü söz mülkünün xaqanı hesab edib:
   
   Şaham, mənim əlimdədir bu söz mülkü, söz diyarı,
   Bu dünyada tək mənimdir söz mülkünün ixtiyarı.
   
   Xaqaninin “Töhfət-ül-İraqeyn” məsnəvisinə nəsrlə yazdığı müqəddimə, dövrünün məşhur adamlarına məktubları da maraq doğurur.
   Araşdırmalarda göstərilir ki, görkəmli Azərbaycan şairi Məkkə ziyarətinə gedərkən İraq, Ərdəbil, Həmədan, Bağdad, Şam, İsfahan, Məkkə, Mədinə şəhərlərinə səyahət edir. Tanış olduğu alimlər və şairlərlə, dövrün mütərəqqi fikirli insanları ilə görüşlər keçirir. Bu ölkələrin zəngin kitabxanalarında olur. Böyük təəssüratla ayrılır... Görüşdüyü alimlərin təvazökarlığından təsirlənərək yazır:
   
   “Mənəm-mənəm” deyib, öymə özünü,
   Həmişə müxtəsər eylə sözünü.
   Cahildir özünü tərif edənlər.
   Çox bilirəm demə, bilsən də əgər.
   
   Xaqani həyatın ona çox şey öyrətdiyini deyir. Bildirir ki, meşələr qələm olsa belə, cümlə dərya mürəkkəbə çevrilsə, öyrəndiklərini yazıb qurtara bilməz.
   Yaxın və Orta Şərqin bir çox görkəmli şairləri Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli və başqaları onu özlərinə ustad hesab edib, əsərlərinə nəzirələr yazıblar. Əsərləri İranda, Hindistanda dəfələrlə nəşr olunub. O, fəlsəfəni, nücumu, Quranı, eləcə də riyazi və humanitar elmləri yaxşı bilib. Xaqani "Töhfət-ül-İraqeyn" əsərində maraqlı fikirlər söyləyib. Aləmdə məhşər qopacağı, cahanın alt-üst olacağı barədə şayiələr yayanları lağa qoyub...
   Əsərlərini ərəb və fars dillərində yazması onun bu dilləri mükəmməl bilməsi ilə bağlı olub. O dövrdə bu dillər Yaxın və Orta Şərq ölkələrində geniş yayıldığı üçün, onun əsərləri də geniş yayılıb və oxunub. Xaqani öz dövrünün tanınmış şəxslərinin əsərlərini də geniş mütaliə edib.
   15-20 il Nizamidən əvvəl yaradıcılığa başlayan Xaqaninin əsərlərində dahi Nizami poeziyasının nəfəsi duyulur. XII əsr Azərbaycan ədəbiyyatının intibahı özünün uca zirvələrinə Nizami ilə yanaşı, Xaqani poeziyası ilə də yüksəlib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar