Avropa Şurasında Ermənistanın işğalı altında qalan tarixi-mədəni abidələrimizdən söz açılıb
   
   Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Hər bir şəxsin mədəni həyatda iştirak etmək hüququ” mövzusunda müzakirələr keçirilib.
   
   Sessiyada qonaq qismində iştirak edən UNESCO-nun baş direktoru İrina Bokova çıxış edib. Mədəniyyətlərin xalqlar və ölkələr arasında körpü rolu oynadığını xatırladan baş direktor xalqların inkişafında mədəniyyətin əvəzsiz rol oynadığını qeyd edib. Mədəniyyətlərin sərhəd tanımadığını, bir-birindən bəhrələndiyini deyən İrina Bokova bu sahədə mədəniyyətlərarası dialoqun əhəmiyyətini diqqətə çatdırıb.
   Müzakirələrdə azərbaycanlı deputatlar da çıxış edərək ölkəmizin Şərq və Qərb mədəniyyətlərini birləşdirən zəngin irsə malik olduğunu vurğulayıblar.
   Millət vəkili Sahibə Qafarova milli mədəniyyətlər arasında əlaqələrin genişləndirilməsi, mədəni irsin qorunması sahəsində Azərbaycan dövlətinin gördüyü işlər haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan hökuməti mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, bu sahənin hüquqi, elmi, informativ inkişafı, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, mədəniyyət turizmi infrastrukturunun yaradılması istiqamətində ciddi tədbirlər görməkdədir. Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonun Ermənistan tərəfindən işğalı nəticəsində bu ərazilərdə yerləşən bir çox tarixi-mədəni abidələrin məhv edildiyinə diqqət çəkən S.Qafarova onların yalnız Azərbaycanın deyil, eləcə də dünyanın mədəni irsinin bir hissəsi olduğunu bildirib.
   Nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qeyd edib ki, öz tarixinə, adət-ənənələrinə, mədəniyyətinə hörmət edən millət digər xalqların mədəniyyətinə də hörmətlə yanaşmalıdır. Amma bunu Azərbaycan ərazilərini işğal edən Ermənistana şamil etmək olmaz. Bu ölkə Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi və memarlıq abidələrini dağıdıb, çoxlu sayda muzey və kitabxanaları tamamilə məhv edib.
   Deputat Rafael Hüseynov qeyd edib ki, mədəniyyət mahiyyətində demokratiya daşıyan anlayışdır. Mədəniyyətdən hər kəsin istifadə etmək hüququ eynidir. Hamının olan sərvət isə eyni zamanda hər bir kəsin qarşısında eyni məsuliyyəti qoyur. Bu müştərək dəyəri qorumağa, ortaq mədəni mühiti yaşadıb inkişaf etdirməyə hamımız eyni dərəcədə borcluyuq. Lakin təəssüflər olsun ki, bəşəriyyətin inkişafında zirvə sayılmaq qədər yüksək olan XX - XXI əsrlərdə biz bütün insanlığa məxsus mədəniyyətə təcavüzlərin şahidi oluruq: “Mənim Vətənim, Azərbaycanın Füzuli rayonunda Azıx mağarası deyilən təbiət və tarix abidəsi var. Bu, Avropa insanının ilk yaşayış məskənlərindəndir. Azərbaycanın Ağdam rayonunun Boyəhmədli kəndində hələ 60-70 il əvvəl kataloqlara salınaraq fotoları çap edilmiş yaşı 2 min ildən çox olan daş heykəllər var. Kəlbəcər, Laçın, Cəbrayıl rayonlarında yaşı min illəri aşan qədim qəbiristanlıqlar, mədəniyyət abidələri var. 20 ildir ki, həmin torpaqlar Ermənistanın işğalı altındadır və həmin misilsiz abidələrin əksəriyyəti məhv edilib. Belə abidələrə qəsd etmək, mahiyyət etibarilə, insanlığa qarşı cinayət deməkdir.
   Müxtəlif xarici qüvvələrin yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini zəbt etmiş Ermənistanın təkcə həmin torpaqlarla gözü doymur. Bu gün Ermənistanda Azərbaycan mədəniyyətinin, xüsusilə də musiqi folklorunun nümunələrini, hətta məşhur bəstəkarların məlum əsərlərini belə mənimsəməyə, özününkü kimi qələmə verməyə cəhdlər edilir. Bütün oğrular gec-tez qanun qarşısında cavab verir, oğurladıqları onlardan geri alınır. Ermənistan da bütün oğurladıqlarını mütləq qaytarmalı olacaq”.