Gənclər Gününə həsr olunmuş festival çərçivəsində silsilə tədbirlər keçiriləcək
   
   Ölkə Prezidentinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 7 iyul 2011-ci il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə “Gənclər Günü”nə həsr olunmuş tədbirlər daha geniş formatda - festival şəklində keçiriləcək. Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi məqsədilə təşkil olunan “Gəncliyin səsi” festivalı fevralın 1-dən 11-dək davam edəcək.
   Festival çərçivəsində ilk tədbir fevralın 1-də V.Səmədova adına sərgi salonunda gerçəkləşəcək. “Gəncliyin səsi ” adlı sərgi Gənclər və İdman Nazirliyi və Rəssamlar İttifaqı ilə birgə keçiriləcək. Daha bir sərgi fevralın 2-də “LN” İncəsənət Mərkəzində baş tutacaq. Burada gənc rəssam Ülvi Musayevin əsərləri nümayiş olunacaq.
   Festivalın proqramına əsasən, Beynəlxalq Muğam Mərkəzində üç konsert keçiriləcək. Fevralın 3-də burada gənc muğam ifaçılarının konserti, 6-da gənc vokalçıların konserti olacaq. Fevralın 10-da isə bədii rəhbəri Elnarə Kərimova olan “Buta” gənclər xorunun konserti təqdim ediləcək.
   Silsilə tədbirlər Bakının müxtəlif mədəniyyət müəssisələrini əhatə edəcək. Fevralın 7-də Azərbaycan Dövlət Filarmoniyasının dövlət kamera və orqan musiqisi zalında Con Tempo ansamblı (dirijor Fəxrəddin Atayev), fevralın 11-də isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı (dirijor Fuad İbrahimov) ilə çıxış edəcək.
   
   Ceyhun