Şüvəlan Mədəniyyət evində “Gənclər günü”nə həsr olunmuş tədbir keçirildi. Xəzər rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil edilən tədbir torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız, ölkəmizi dünya miqyasında tanıdan qabaqcıl və istedadlı gənclərimizdən bəhs edən video-slaydın nümayişi ilə başlandı. Çıxış edənlər ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış böhranlı vəziyyətdən söz açdılar, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinin də böyük inkişaf yoluna qədəm qoyduğunu qeyd etdilər. Qeyd olundu ki, bu gün gənclərə özünüifadə üçün hər cür şərait yaradılıb. Xəzər rayonunun gəncləri də respublikanın ictimai-siyasi və mədəni həyatından kənarda qalmayıb.
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, YAP-ın rayon təşkilatının sədri İlham Məmmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Gündüz Vəliyev və başqaları iştirak edirdi.
   Tədbirdə il ərzində rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən gənclərə diplom və mükafatlar verildi. Sonda incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.   

   Lalə Azəri