Şərəfəddin Təbrizinin kitabı nəşr olunub
   
   “Elm və təhsil” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin tərcümə edərək nəşrə hazırladığı XIV əsr Azərbaycan şairi və ədəbiyyatşünası Şərəfəddin Rami Təbrizinin “Ənisül-üşşaq” əsəri çapdan çıxıb. Kitabda klassik ədəbiyyatda istifadə olunan təşbeh və məcazlar müxtəlif şairlərin yaradıcılığından gətirilən nümunələr əsasında tədqiq olunub. Əsər ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə edilib. Nəşrin elmi redaktorları Azadə Musayeva və professor Əkrəm Bağırovdur.
   
   
   “Atalar sözləri və məsəllər”
   
   Tanınmış folklorşünas alim Əbülqasım Hüseynzadənin (1890-1988) uzun illər ərzində toplayıb ərsəyə gətirdiyi atalar sözləri və məsəllər yeni nəşrdə işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çapdan çıxan “Əbülqasım Hüseynzadə. Atalar sözləri və məsəllər” kitabını Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Zahidə Hacıyeva nəşrə hazırlayıb.
   Kitaba Ə.Hüseynzadənin topladığı, habelə onun şəxsi arxivində saxlanılan atalar sözləri və məsəllər daxil edilib. Nəşrdə yer alan bir sıra atalar sözləri və məsəllərə əvvəlki toplularda rast gəlinmir. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovadır.
   
   Azərbaycan mətbəxinin qədim reseptləri
   
   Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlının çapa hazırladığı «Nadir Mirzə Qacar. Karnamə» adlı kitabı «Elm və təhsil» nəşriyyatında işıq üzü görüb. Kitabda Qacar şahzadəsi Nadir Mirzənin 260-dan artıq qədim Azərbaycan xörəyinin resepti sadə bir dildə oxuculara təqdim edilib. Topluda klassik şairlərin yaradıcılığından çoxlu nümunələr gətirilib. «Karnamə» kitabı milli mətbəx nümunələrimizi mənimsəmək istəyənlərə, mədəniyyətimizin qədimliyini inkar edənlərə tutarlı cavabdır. Nəşrin məsləhətçisi və ön sözün müəllifi Milli Kulinariya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Tahir Əmiraslanov, tərcümənin redaktoru Arif Ramazanovdur.