Fevralın 21-də paytaxtda xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərasim Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” uvertürasının səslənməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev xalqımızın igidlik və vətənpərvərlik rəmzi olan Koroğlunun Bakıda abidəsinin ucaldılması münasibətilə təbriklərini çatdırdı. “Koroğlu xalqımızın qəlbində əbədi yaşayacaq” deyən dövlət başçısı bildirib ki, Azərbaycanda Koroğlu mövzusu hər zaman aktual olub.
“Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Koroğlu dastanının böyük əhəmiyyəti var” deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, gənclərimiz keçmişimizdə olan müsbət obrazları yaxından tanımalıdırlar. Dövlət başçısı onu da deyib ki, müasir Azərbaycan dövləti güclü milli təməl üzərində qurulub və Bakıda bu abidənin qoyulması Koroğluya verilən dəyərin göstəricisidir.
Abidənin müəllifi, Xalq rəssamı Tokay Məmmədov Koroğlu mövzusu üzərində 30 ildən çoxdur işlədiyini deyib, Prezident İlham Əliyevin təşəbbüsü ilə xalqımızın qəhrəmanlıq simvolu olan Koroğlunun Bakıda abidəsinin qoyulmasını yüksək qiymətləndirdiyini bildirib və təşəkkürlərini çatdırıb.
“Koroğlu xalqımızın ruhunun məhsuludur”. Bu sözləri millət vəkili, professor Nizami Cəfərov deyib. Bildirib ki, ölkəmizdə mədəniyyətimizi, mənəviyyatımızı əhatə edən bir çox işlər görülür və bu abidənin qoyulması da bu sırada mühüm yer tutur.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, əsrlər boyu xalqımızın qəlbində yaşayan Koroğlunun paytaxtın mərkəzində abidəsinin ucaldılması ölkədə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə xidmət edən ən mühüm amillərdən biridir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ətrafında salınan Koroğlu parkında yaradılan şəraitlə tanış olublar. Park 1,3 ha sahədə salınıb, 4620 kv/metr ərazi yandırılmış qranitlə üzlənib, ərazidə geniş yaşıllıq zolağı salınıb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2009-cu il dekabrın 3-də Bakı şəhərində xalq qəhrəmanı Koroğluya abidə ucaldılması ilə bağlı sərəncam imzalayıb. Tezliklə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə müəyyənləşdirdiyi ərazidə abidənin hazırlanması ilə bağlı işlərə başlanıb. Görülən işlərin miqyasını və əhəmiyyətini nəzərə alan dövlət başçısı 2010-cu ilin dekabrında Bakıda Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında daha bir sərəncam imzalayıb.
Abidənin yerdən hündürlüyü 23 m-dir. Abidənin pyedestalının ətrafı hər biri 20-35 ton olan qranit plitələrdən hazırlanıb, bürüncdən olan abidə Ukraynada tökülüb. Heykəl görkəmli, baxımlı, dinamik formada olmaqla bərabər, xalq qəhrəmanına xas milli koloriti tərənnüm edir, həmçinin Qıratın belində əzəmətli qəhrəman, əsl cəngavər, cəsur sərkərdə və bahadır təsiri bağışlayır.
Koroğlunun abidəsinin Bakıda ucaldılması xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu, milli-mənəvi dəyərlərimizin daşıyıcısına çevrilən böyük tarixi şəxsiyyətlərin və qəhrəmanların xatirələrinin əbədiləşdirilməsində, onların gənc nəslin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasında da müstəsna önəmə malikdir.