Turizm İnstitutunda Xocalı soyqırımına həsr olunmuş “Açıq dərs” keçirilib
   
   Fevralın 23-də Azərbaycan Turizm İnstitutunda Xocalı soyqırımının 20 illiyi münasibətilə “Açıq dərs” keçirilib. 
   ATİ-nin kafedra müdiri, tarix elmləri namizədi İbrahim Əliyev Xocalı soyqırımına həsr olunan tədbirin fərqli formatda təşkilinə aydınlıq gətirib. Açıq dərs 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda törədilən soyqırımı əks etdirən video çarxın təqdimatı ilə başlayıb.
   Tarix elmləri doktoru Kərim Şükürov Xocalıda törədilən faciənin təxminən iki əsr davam edən məkrli siyasətin davamı olduğunu bildirib. Tarixə qısa ekskurs edən alim ermənilərin 1828-ci ildən 1905-ci ilədək torpaqlarımızda möhkəmləndiyini, 1905, 1907, 1918, 1948-1953 və nəhayət, 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirdiklərini deyib: “Deyirlər, tarix ən böyük ibrət dərsidir. Deməli o, sadəcə, olub keçənlər deyil. ATİ-nin profilinə uyğun olaraq “Soyqırımı marşrutları” Tələbə klubunun fəaliyyətini məqsədəuyğun bilirik. Nəzərdə tutmuşuq ki, əvvəlcə Bakını, sonra Qubanı, Şamaxını qarış-qarış gəzib, soyqırımı törədilən yerləri ziyarət edək”.
   “Açıq dərs”də ATİ-nin kafedra müdirləri Bahadur Bilalov, Seyidəli Məmmədli, ictimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı və tələbələrin çıxışları dinlənilib.
   
   Fəxriyyə