Milli Kitabxanada faciəyə həsr olunmuş biblioqrafiya təqdim olundu
   
   Fevralın 23-də M.F.Axundzadə adına Milli Kitabxanada «Xocalı harayı - 20» adlı kitab sərgisinin açılışı və kitabxananın əməkdaşları tərəfindən hazırlanmış «Xocalı soyqırımı - 20. Biblioqrafiya» kitabının təqdimat mərasimi keçirildi.
   
   Tədbiri kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva açaraq, Xocalı soyqırımının heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini bildirdi: “Bu soyqırımı tək Azərbaycana deyil, bütün insaniyyətə qarşı cinayətkarlıqdır. Təəssüf ki, Xocalı faciəsi dünya ictimaiyyəti tərəfindən öz hüquqi qiymətini almayıb”.
   20 il ərzində bu mövzuda çoxlu kitablar nəşr olunub, tədbirlər keçirilib. Bu işlər daima davam etdiriləcək. Bu dəfə kitabxananın fondunda olan Xocalı faciəsi ilə bağlı bütün məlumatları toplayıb «Xocalı soyqırımı - 20. Biblioqrafiya» kitabını ərsəyə gətirdik. Kitabda əlavələr, şəhidlərin adı da qeyd olunub».
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi Əli İsmayılov Xocalı faciəsinin ildönümünün təkcə Azərbaycanda deyil, Türkiyə və Avropanın bir sıra ölkəsində də qeyd olunduğunu bildirdi: «Xocalı faciəsi bizim qan yaddaşımıza həkk olunub. Bu hadisələri gələcək nəsillər unutmamalıdırlar. Bu işdə kitabxanaların üzərinə böyük məsuliyyət düşür».
   Tədbir iştirakçıları Milli Kitabxananın hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet materiallarından ibarət «Xocalı harayı - 20» adlı sərgi ilə də tanış oldular.
   
   Gülər