Beynəlxalq kampaniya çərçivəsində dünyanın 50-dən çox ölkəsində tədbirlər keçirilir
   
   Fevralın 22-də İslam Konfransı Gənclər Forumunun (İKGF) baş katibi, səfir Elşad İsgəndərov “Xocalıya ədalət” kampaniyasının 2012-ci il üçün tədbirlər proqramı ilə bağlı mətbuat konfransı keçirib.
   
   Xatırladaq ki, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən, faciənin mənəvi və siyasi-hüquqi sahədə tanınmasına yönəlmiş “Xocalıya ədalət” kampaniyası 2009-cu ildən həyata keçirilir.
   Bu il aksiyaların 50-dən çox ölkədə keçirildiyini deyən E.İsgəndərovun sözlərinə görə, yanvar ayında İKGF-nin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının 51 ölkəsinin parlament nümayəndələrinin İndoneziyada gerçəkləşən toplantısında Xocalı qırğınının soyqırımı aktı kimi tanınması kampaniyaya əlavə təkan verib.
   Fevralın 14-dən başlayaraq Niderland, Polşa, Macarıstan, İsveçrə, BƏƏ, Ukrayna və Türkiyənin bir sıra şəhərlərində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər keçirilir. Baş katib Xocalı soyqırımına hüquqi qiymət verilməsi tələbi ilə Niderland parlamentinə ünvanlanmış müraciətə 1 milyon imzanın toplanmasını və Budapeştdə faciəni ilk dəfə hüquqi məsuliyyət kimi dəyərləndirən konfransın keçirilməsini yüksək qiymətləndirib.
   Fevralın 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xocalı və Srebrenitsa (1995) qətliamları qurbanlarının xatirəsini əbədiləşdirən ikili abidələrin açılış mərasimi keçiriləcək. Tədbir çərçivəsində Dobrınya gimnaziyasının tələbələri üçün “Xocalı” filmi də nümayiş etdiriləcək.
   Fevralın 28-də isə Moskvada “Xocalıya ədalət” kampaniyası çərçivəsində Avropa kinematoqrafçıları tərəfindən çəkilmiş Xocalı soyqırımından bəhs edən filmin təqdimatı keçiriləcək.
   Kampaniya çərçivəsində Buxarestdə Rumıniya Yazıçılar İttifaqı və Diplomatik Akademiyada Xocalı faciəsinə həs olunmuş konfransların keçirilməsi planlaşdırılır.
   Fevralın 23-dən 26-dək Berlində “Almaniyada Xocalı günləri” proqramı çərçivəsində alman professoru R.Kipkenin “Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi”, kanadalı alim S.Teylorun “Uzlaşmayan ziddiyyətlər: Türkiyə, Ermənistan və Azərbaycan” kitablarının təqdimatı keçiriləcək. Həmçinin “Xocalı uşaqların gözü ilə”, “Ağdam ruhlar şəhəri” rəsm sərgisinin, “Biz geri qayıdacağıq” bədii filminin nümayişi də planlaşdırılır.
   İstanbulun Taksim meydanında fevralın 26-da ASAİF-in təşkilatçılığı və “Xocalıya ədalət” kampaniyasının əməkdaşlığı ilə “Biz hamımız Xocalıdanıq” şüarı altında etiraz nümayişi keçiriləcək.
   Fevralın 27-də isə Fransa Milli Assambleyasının binasında “Xatirə səciyyəli qanunlar və bilinməyən soyqırımlar” adlı beynəlxalq konfrans təşkil olunacaq. Tədbirdə fransalı parlamentarların, bu ölkədə akkreditə olunmuş səfirlik nümayəndələrinin, alimlərin iştirakı gözlənilir.
   Kiyevdə Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımından bəhs edən filmin nümayişi olacaq. Brüsseldə fevralın 28-də Xocalı qırğınına həsr olunmuş “dəyirmi masa” keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Rövşən Rzayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Xocalı faciəsinin şahidi Anar Usubov çıxış edəcəklər. Tədbir çərçivəsində qarabağlı uşaqların rəsm əsərlərindən ibarət sərgi də təşkil olunacaq.
   Baş katib kampaniyanın Facebook səhifəsinə dəstək verən istifadəçilərin sayının, 50-dən artıq ölkədən olmaqla, 30.000 nəfəri keçdiyini də diqqətə çatdırıb.
   
   M.Sultanova