Mərkəzi Aran və Cənub bölgələrində mədəniyyət və turizm sahəsində mövcud vəziyyət müzakirə olundu
   
   Fevralın 22-də Astara rayonunda şəhər və rayon mədəniyyət və turizm şöbələrinin 2011-ci il ərzində fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirildi.
   
   Astara Rayon Mədəniyyət Evində keçirilən müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, sektorun aparıcı məsləhətçisi Oqtay Muxtarov, Lənkəran və Şirvan şəhərlərinin, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Saatlı, Sabirabad və Cəbrayıl rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri, mərkəzləşdirilmiş kitabxana sistemlərinin, tarix-diyarşünaslıq muzeylərinin, rəsm qalereyalarının direktorları iştirak edirdilər.
   
   * * *
   Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
   Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular. 2008-ci ildə Heydər Əliyev Muzeyi kimi yaradılan qurum 2011-ci ildə yenidən qurularaq genişləndirilmiş və mərkəz kimi fəaliyyətə başlamışdır. Mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmışdır.
   Mərkəzin birinci mərtəbəsində ümummilli liderin həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkil və sənədlərdən ibarət muzey fəaliyyət göstərir. Onlardan bir qismi ulu öndərin Astaraya səfərləri zamanı çəkilən və astaralılar tərəfindən qorunub saxlanılan unikal fotoşəkillərdir.
   Müşavirə iştirakçıları daha sonra rayon mədəniyyət evinin foyesində Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən etnoqrafiya dərnəyinin və “Nəcib qızlar” klubunun üzvlərinin əl işlərindən ibarət sərgiyə baxdılar.
   
   * * *
   Müşavirəni mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq son illər ölkəmizdə mədəniyyət və turizm sahəsində görülən işlərdən danışdı. Qeyd olundu ki, mədəniyyət işçilərinin zona müşavirələrində də bu sahədə yerlərdəki mövcud vəziyyət müzakirə olunur: “Bilirsiniz ki, dövlət tərəfindən həyata keçirilən mədəniyyət və turizm layihələri paytaxt Bakı ilə yanaşı, bölgələrdə də uğurla icra edilir. Dövlət proqramları, fərman, sərəncam və digər sənədlər bu istiqamətdə işlərin davamlı, ardıcıl və sistemli şəkildə aparılmasına imkan verir. Cənub və Mərkəzi Aran bölgələrinin mədəniyyət ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi müşavirənin keçirilməsində məqsədimiz 2011-ci ildə görülmüş işlərə nəzər salmaq, qarşıda duran vəzifələri müzakirə etməkdir. Məlum olduğu kimi, ölkə Prezidentinin imzaladığı sərəncama əsasən, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanacaq. Konsepsiyanın hazırlanması üçün bütün dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Düşünürəm ki, bölgələrdə təşkil olunan müşavirələr bu baxımdan da səmərəli olacaq”.
   Vaqif Əliyev vurğuladı ki, mədəniyyət və turizm sahəsində ötən il ərzində böyük işlər görülüb: “2011-ci ildə biz III Beynəlxalq Muğam Festivalını keçirdik. Bu tədbirin böyük əks-sədası oldu. Bakıda ilk dəfə keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı da uğurlu layihələrdən biridir. Bu festivallar təşkil olunarkən mədəniyyət ictimaiyyətinin iştirakı ilə paralel olaraq elmi konfranslar, “dəyirmi masa”lar təşkil olundu.
   Ötən il biz dövlət müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etdik. Bu 20 ildə Azərbaycan bütün sahələrdə yüksələn xətlə inkişaf edib. Hər bir Azərbaycan vətəndaşı bunu öz həyatında hiss edir. Hər birimiz şahidiyik ki, neçə-neçə irimiqyaslı mədəniyyət layihələri həyata keçirilir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Yeni mədəniyyət ocaqları inşa olunur, bəzilərində əsaslı yenidənqurma işləri aparılır. Azərbaycan davamlı olaraq beynəlxalq festivallara ev sahibliyi edir. Bu festivallarda dünyanın tanınmış mədəniyyət xadimləri, musiqiçilər, teatrşünaslar iştirak edirlər. Ölkənin tanıdılmasında mədəniyyətin rolu çox böyükdür. Bu elə sahədir ki, əldə olunan istənilən uğur dünyada tez yayılır. Azərbaycanda müxtəlif ölkələrin mədəniyyət günləri keçirilir, dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan mədəniyyəti günləri təşkil olunur, milli mədəniyyətimiz, zəngin irsimiz təbliğ edilir”.
   
   * * *
   Sonra Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli şəhər və rayonların mədəniyyət və turizm şöbələrinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı məruzə etdi. Qeyd olundu ki, ötən il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə şəhər (rayon) mədəniyyət və turizm şöbələri və tabe müəssisələr tərəfindən silsilə tədbirlər -konsert proqramları, sərgilər, ədəbi-bədii gecələr, yaradıcılıq görüşləri təşkil edilib. Astarada turizmin inkişafı və turistlərə yüksək xidmətin göstərilməsi üçün zonalar üzrə 7 turizm marşrutu müəyyən edilib. Lənkəranda “Palıdlı sahil” turizm istirahət mərkəzində “Bu Vətən bizimdir” adlı turist düşərgəsi təşkil olunub. Masallının “Halay” folklor rəqs kollektivi 2011-ci ilin avqustunda Macarıstanda keçirilən beynəlxalq folklor festivalında müvəffəqiyyətlə çıxış edib.
   P.İsgəndərli qazanılmış uğurlarla yanaşı, mədəniyyət və turizm şöbələrinin işində olan nöqsanlardan da danışdı. Qeyd olundu ki, mədəniyyət sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası istiqamətində yerli qurumlarda lazımi iş aparılmır, bəzən kadrların seçilib yerləşdirilməsində nöqsanlara yol verilir. Mədəniyyət işçilərinin fəaliyyətində təşəbbüskarlıq qənaətbəxş səviyyədə deyil.
   
   * * *
   Daha sonra Şirvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əziz Abbasov, Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov, Yardımlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ayaz Əliyev, Saatlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Şahpələngova, Cəbrayıl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kamran Quliyev 2011-ci ildə görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar, mövcud problemlərlə bağlı təkliflərini bildirdilər.
   Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda mədəniyyət və incəsənətin inkişafı sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışdı. Qeyd olundu ki, ölkə başçısının dəstəyi ilə hər il onlarla mədəniyyət müəssisəsi tikilir və əsaslı şəkildə yenidən qurulur. Bu ilin sonunadək Astara rayonunda tarix-diyarşünaslıq muzeyinin və musiqi məktəbinin daxili imkanlar hesabına əsaslı təmiri planlaşdırılır.
   
   * * *
   Müşavirəyə yekun vuran mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev mədəniyyət müəssisələrinin ölkənin ictimai-siyasi həyatında fəaliyyətinin artırılmasının və yerli qurumlarla əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirdi. Vurğulandı ki, mədəniyyət sahəsində yüzlərlə fədakar insan çalışır. Bu insanların zəhməti, fədakarlığı ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir. Mədəniyyət işçiləri müxtəlif mükafatlara, medallara, fəxri adlara layiq görülürlər. Bütün bunlar mədəniyyətimizin inkişafına da çox böyük təsir göstərir.
   Mədəniyyət müəssisələri dövlət proqramlarının icrasına diqqət və məsuliyyətlə yanaşmalıdırlar. Mədəni-kütləvi tədbirlərin təşkilinin keyfiyyəti artırılmalıdır. Mədəniyyət işçiləri özləri də təşəbbüskar olmalıdırlar. Mədəniyyət və turizm şöbələrinin saytlarının, kitabxanalarda elektron kataloqların yaradılmasına xüsusi diqqət yetirilməlidir. Bölgələrdə olan muzeylərin də hər birinin saytları yaradılmalıdır. Yeni dövr bütün mədəniyyət müəssisələrinin saytlarının olmasını tələb edir.
   Vaqif Əliyev müşavirə iştirakçılarına qarşıda duran vəzifələrin həllində müvəffəqiyyətlər arzuladı.
   
   Ceyhun Zərbəliyev