Fevralın 28-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində görkəmli musiqiçi, pedaqoq Leopold Rostropoviçin (1892-1942) anadan olmasının 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Leopold Rostropoviçin həyat və yaradıcılığından, Bakıda professional violonçel ifaçılıq sənətinin yaranmasında və inkişafında göstərdiyi xidmətlərdən danışıldı.
   Ev-muzeyinin direktoru Şeyla Heydərova muzeydə saxlanılan arxiv sənədləri haqqında məlumat verdi. Leopold Rostropoviçin oğlunun musiqiçi kimi yetişməsində həm ata, həm də bir müəllim rolundan danışdı.
   Tədbirdə L.və M. Rostropoviçlər və Bülbül adına musiqi məktəblərinin şagirdləri musiqi nömrələri ilə çıxış etdilər. Leopold Rostropoviçin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən fond materiallarından ibarət slayd-şou və sərgi nümayiş etdirildi. Sonda Tamilla Aşumovanın "Slavanın 5 günü", Z.Şıxlinskinin "Doğma diyar" və A. Kapkovun "Maestro Slava" filmlərindən fraqmentlər təqdim olundu.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, xarici ölkə səfirliklərinin nümayəndələri, polyak icmasının təmsilçisi, muzey əməkdaşları iştirak edirdilər.