Fevralın 29-da Xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayevə Azərbaycan Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının birgə təsis etdiyi “Həqiqətə xidmətlərinə görə” mükafatı təqdim edildi. Vaqif Mustafayev bu mükafata ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən silsilə filmlərinə görə layiq görülüb.
   
   Əvvəlcə tədbir iştirakçıları filmlərdən parçalara baxdılar. Ekran əsərində ötən əsrin 80-ci illərinin sonunda Qorbaçov-erməni güruhu tərəfindən xalqımıza qarşı həyata keçirilmiş cinayətlərdən, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması prosesinə rəhbərlik etməsinə maneçilik cəhdlərindən bəhs edilir.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov “Həqiqətə xidmətlərinə görə” mükafatı barədə məlumat verərək bildirdi ki, bu mükafat əsasən jurnalist olmayan, amma dövlət və xalqı üçün mühüm əhəmiyyət daşıyan həqiqətləri, faktları cəmiyyətə çatdıran, bununla da jurnalist fəaliyyəti baxımından yüksək dəyərləndirilən şəxslərə təqdim olunur: «Azərbaycan Mətbuat Şurası və Dialoq Avrasiya Platforması qərara gəlib ki, kadrlarını izlədiyiniz sənət əsərinin müəllifi Vaqif Mustafayev belə bir filmi ərsəyə gətirməklə nəinki kino xəzinəmizə misilsiz töhfə verib, eyni zamanda ümumilikdə Azərbaycan tarixinin çox mühüm dövrü ilə bağlı faktları yüksək peşəkarlıqla ortaya qoyub».
   Tədbir iştirakçılarına görkəmli rejissorun yaradıcılığı haqqında ətraflı məlumat verən Şura sədri onun sənətkarlıq keyfiyyətləri barədə də danışdı. Ə.Amaşov ümummilli liderin şəxsiyyətinin bütün əzəməti ilə bir daha göz önündə canlandırıldığı bu filmləri həm də müstəqil telejurnalist araşdırması kimi dəyərləndirdi. Qeyd olundu ki, V.Mustafayev təkcə rejissurada deyil, jurnalistika sahəsində də yenilik, cəsarət və professionallıq nümayiş etdirmişdir. Qorbaçov kimi bir siyasətçidən bu həqiqətləri almağın heç də asan olmadığını bildirən Ə.Amaşov, bu filmləri həm də yeganə etiraf sənədi kimi dəyərləndirdi. Şura sədri bu ekran əsərlərinin tarixi bir material olaraq orta məktəblərdə tədris edilməsini təklif etdi.
   Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanova rejissorun 11 filminin cəmləşdiyi disk təqdim olundu. Nazir tədris prosesində onlardan dərs vəsaiti kimi istifadə ediləcəyini qeyd etdi. O, bu filmlərin jurnalistlər üçün də dəyərli vəsait olduğunu, jurnalistika fakültəsində tədris edilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, ulu öndər barəsində çəkilmiş istənilən film, istənilən sənət əsəri də bu dahi insanın şəxsiyyətinin müxtəlif məqamlarını parlaqlığı ilə əks etdirmək gücündə deyildir. Onun fəaliyyətinin tam dolğun şəkildə ifadə olunmasının da zamana ehtiyacı var. Nazir seyr edilən kadrların tariximizin ulu öndərlə bağlı çox mühüm hissəsi ilə əlaqəli olduğunu və bu tarixdən ibrət götürməyin, nəticə çıxarmağın vacibliyini dedi.
   Mərasimdə çıxış edən Dialoq Avrasiya Platformasının Azərbaycandakı əlaqələndiricisi Mustafa Saatçı ən vacib məsələlərin və problemlərin həllində, o cümlədən həqiqətlərin üzə çıxarılmasında dialoqun böyük rolu olduğunu bildirdi. V.Mustafayevin filmlərdə təqdim etdiyi tarixi müsahibələrində dialoqdan çox ustalıqla, xalqın və millətin mənafeləri baxımından çıxış etməsi ən böyük uğur kimi qiymətləndirildi.
   Tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov V.Mustafayevin filmlərinin bütün dövrlər üçün nəzərdə tutulduğunu, əbədi xarakter daşıdığını vurğuladı. Onun sözlərinə görə, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondadır ki, ona həsr edilən hər bir sənət əsəri önəmlidir. Bu baxımdan V.Mustafayevin bu ekran əsərləri də xüsusi əhəmiyyətə malikdir.
   KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları V.Mustafayevin filmlərinin əhəmiyyətindən danışdılar.
   Sonda çıxış edən Vaqif Mustafayev onun əməyinə verilən qiymətə görə Mətbuat Şurasına və Dialoq Avrasiya Platformasına təşəkkürünü bildirdi. Rejissor ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən bu silsilə filmlərin dünyanın bir çox dillərinə tərcümə olunduğunu da diqqətə çatdırdı.
   
   Reyhan