Bakıda dünya şöhrətli Norveç səyyahına həsr olunmuş sərgi açılıb
   
   Martın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdala həsr olunmuş “Tur Heyerdal - Kon-Tiki adamı” sərgisi açılıb.
   
   Tədbirdə çıxış edən Norveç Krallığının Azərbaycandakı səfiri Erling Şönsberq bildirib ki, görkəmli alim və səyyah həyatının son illərində bir neçə dəfə Bakıda olub. Üç ay davam edəcək sərgi hər iki ölkənin xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Səfir Tur Heyerdalın ekspedisiyalarının elmə və xalqlar arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfədən danışıb.
   Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı sərgi haqqında məlumat verib. Bildirib ki, sərgi Oslodakı Kon-Tiki Muzeyinin, Norveç Krallığının ölkəmizdəki səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı, Norveçin “Statoil” şirkətinin dəstəyi ilə təşkil olunub. Sərgi görkəmli alim və səyyahın hər iki xalq arasında yaratdığı dostluq körpüsünü bir daha möhkəmləndirir. Vurğulanıb ki, sərgi insanların beyinlərində olan sərhədləri siləcək və bir daha bizi yaxınlaşdıracaq.
   Tədbirdə Kon-Tiki Muzeyinin direktoru Maya Baugen, görkəmli alimin oğlu Tur Heyerdal çıxış etmişlər. Bildirilmişdir ki, Tur Heyerdal Kon-Tiki qayığı ilə 1947-ci ildə Sakit okeanı fəth edərək dünya şöhrəti qazanıb. Bir alim kimi Tur Heyerdal həyatının son illərini Skandinaviya xalqlarının köklərinin Qafqaz və Xəzərətrafı ərazilərdə axtarışına sərf edib. Onun Qafqaza olan marağı 1960-cı illərdə Azərbaycanda, Qobustanda yerləşən petroqliflərlə tanışlığı ilə bağlıdır. 2000-ci ildə o, Rusiyada Azovda Skandinaviya ilə Qafqaz arasında mədəni bağları aşkara çıxarmaq üçün qazma işləri aparıb. Qeyd olunub ki, Tur Heyerdal “Kon-Tiki” və digər ekspedisiyalarını film və kitab kimi sənədləşdirib. “Ra” ekspedisiyası haqqında film isə “Oskar” mükafatına layiq görülmüşdür. 2002-ci ildə 87 yaşında dünyasını dəyişib. Tur Heyerdalın arxivi 2010-cu ildə UNESCO-nun Dünya Qeydiyyat yaddaşına daxil edilib.
   Tədbirdə həmçinin 2006-cı ildə Norveçin Stavanger şəhərində təşkil olunmuş, Norveç-Azərbaycan mədəni əlaqələrinin inkişafında mühüm rol oynamış “Karvansara-Azərbaycan dünən və bu gün” mövzusunda sərginin foto və videogörüntülərindən ibarət təqdimat keçirilib.
   Sonra sərgiyə baxış olub.
   Mayın 31-dək davam edəcək sərgidə Tur Heyerdalın həyat və fəaliyyətini əks etdirən posterlər, ekspedisiyalar zamanı istifadə olunan avadanlıq nümayiş etdirilir.