Xəbər verdiyimiz kimi, iyulun 1-3-də Bakıda türk dünyası gənc yazıçı və şairlərinin toplantısı keçirilib. Toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq və Almaniyadan, həmçinin Ukraynanın Krım Muxtar Respublikasından, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Başqırdıstan, Saxa, Çuvaşıstan respublikalarından, Moldovanın Qaqauz Yeri muxtar bölgəsindən gəlmiş ədiblər iştirak ediblər.
   Toplantı çərçivəsində nümayəndələr iyulun 3-də Azərbaycan Yazıçılar Birliyində olublar.
   Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) rəhbəri Əkbər Qoşalı türk dünyası gənc yazarlarının Bakı toplantısı barədə məlumat verərək toplantı çərçivəsində keçirilmiş tədbirlər və görüşlər barədə danışıb.
   Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qurumun tarixi, fəaliyyəti, mətbu nəşrləri, mükafatları barədə qonaqlara ətraflı məlumat verib. Zəngin dəyərlərə və irsə malik türk xalqları ədiblərinin əsərlərinin türk dünyasının ümumi sərvəti olduğu vurğulanıb.
   Görüşdə Beynəlxalq Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəttin Küzeciyə DGTYB-nin üstün xidmət nişanı təqdim edilib.
   Sonra qonaqlar ölkələrinin ədəbiyyatı, yazarları haqqında danışıb, qardaş xalqlar arasında ədəbi əlaqələrdən söhbət açıblar.