Muzey Mərkəzində “Gözəllik nuru”

   Martın 6-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Milli Musiqi Şurasının təşəbbüsü ilə Muzey Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru” adlı sərgi və konsert proqramı təqdim olundu. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
   
   Tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, xanımları bayram münasibətilə təbrik etdi: “Mart ilin füsunkar və hamının çox gözlədiyi gözəl bir fəslin, yazın ilk ayıdır. Marta qadınların ayı da demək olar. Çünki məhz bu ayda biz Beynəlxalq Qadınlar Gününü qeyd edirik. Bu gözəl gündə qadınlar güllər və hədiyyələri qəbul edərkən özlərini həyatın sahibləri kimi hiss edirlər”.
   Ə.Vəliyev bildirdi ki, Azərbaycanda Beynəlxalq Qadınlar Gününün qeyd olunması ənənəsi artıq neçə on illər davam edir və dərin köklərə malikdir. Bu gün də həyatımıza əsaslı şəkildə daxil olan bayramlardan biridir. Nazir müavini «Gözəllik nuru» adlı sərginin və konsert proqramının zəif cinsin nümayəndələri üçün gözəl bayram hədiyyəsi olduğunu vurğuladı.
   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qadınların hər zaman cəmiyyətdə önəmli yer tutduğunu qeyd etdi, Azərbaycan incəsənətində, o cümlədən təsviri sənətdə istedadlı qadın rəssamların olduğunu vurğuladı.
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova öz çıxışına dövlət başçısı İlham Əliyevin qadınlara ünvanladığı təbrik nitqindən sitatla başladı: «Azərbaycan qadınları hər zaman peşəkarlığın və milli adət-ənənələrin qorunub-saxlanmasında mühüm ol oynayıblar”. Komitə sədri qeyd etdi ki, Azərbaycan mədəniyyəti və incəsənətində bir çox qadın sənətkarlar dərin iz qoyublar.
   Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı təqdim olundu. Tanınmış pianoçular - xalq artistləri Murad Hüseynov və Murad Adıgözəlzadə, Əməkdar artist Emil Əfrasiyab, Əməkdar artist Salman Qəmbərovun rəhbərliyi altında caz triosu, istedadlı vokalçı İbrahim Nəsrullayevin peşəkar ifaları iştirakçıları valeh etdi.
   Konsertdən sonra isə sərgiyə baxış oldu. Rəngarəngliyi ilə seçilən ekspozisiyada tanınmış rəssamların və incəsənətdə ilk addımlarını atan gənclərin işləri - rəsm, heykəltəraşlıq, foto, qrafika əsərləri nümayiş olunurdu. Muzey Mərkəzin Dairəvi zalına xüsusi parlaqlıq verən, baharın artıq gəldiyini xatırladan çiçək açan sakura budaqları da olduqca əsrarəngiz idi.
   Qeyd edək ki, layihənin müəllifi və kuratoru Milli Musiqi Şurasının prezidenti, sənətşünaslıq doktoru Lalə Kazımova, sərginin kuratoru Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Dairəvi zalın dizayn və işlənməsinin müəlifi Lalə Ağayeva-Lambert, tərtibatçı-rəssam Vüqar Əlidir.
   
   Mehparə