İl ərzində Gədəbəy, Masallı və Qubada müxtəlif layihələr, rəngarəng tədbirlər keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyinin «Azərbaycanın xalq yaradıcılığı paytaxtları» proqramı çərçivəsində 2012-ci il üçün Gədəbəy Azərbaycanın əfsanələr, Masallı folklor, Quba isə sənətkarlıq paytaxtı elan edilib. Martın 15-də Muzey Mərkəzində bununla bağlı təqdimat mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2010-cu ildən həyata keçirilən bu layihənin əhali tərəfindən böyük maraqla qarşılandığını dedi: “Bu layihə 2014-cü ilə qədər davam edəcək. Bu müddətdə keçirilən tədbirlərin miqyası da genişlənəcək, təcrübə də toplanacaq. 2014-cü ildən sonra isə növbəti 10 il üçün yeni proqramın hazırlanması nəzərdə tutulur».
Nazir qeyd etdi ki, «Azərbaycanın xalq yaradıcılığı paytaxtları» layihəsi özünü yüksək səviyyədə doğruldur, respublikanın bütün bölgələrində bu fəxri ad uğrunda müəyyən bir rəqabət gedir: «Çünki layihə rayonların mədəni inkişafına müsbət təsir göstərir. Xalq yaradıcılığı paytaxtı elan olunmuş rayon və şəhərlərdə müxtəlif tədbirlərin təşkili, sözsüz ki, bu bölgənin təbliğinə də xidmət edir. Keçirilən tədbirlər yerlərdə xalq yaradıcılığının müxtəlif sahələrinin inkişafına təkan verir”.
Tarix və mədəni dəyərlər hər zaman diqqət mərkəzindədir
Nazir qeyd etdi ki, Azərbaycan xalqının qədim tarixi irsi, zəngin adət-ənənələri, mənsub olduğu dəyərləri qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq hər zaman diqqət mərkəzindədir. Əbülfəs Qarayev bu sahədə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən işlərin xüsusi əhəmiyyətini qeyd etdi. Bu fəaliyyət nəticəsində xalq yaradıcılığının mühüm qollarını təşkil edən Azərbaycanın aşıq sənəti (2009), Azərbaycan xalçaçılıq sənəti (2010) UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Azərbaycan xalqının qədim ənənələrini özündə yaşadan Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısında yer alıb.
Əbülfəs Qarayev bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Azərbaycanın qeyri-maddi mədəni irs sahəsinin (diyarşünaslıq, folklor və sənətkarlıq) mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparılıb. Keçirilmiş monitorinqin nəticələri əsasında “2011-2020-ci illərdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq baxılması üçün müvafiq qurumlara təqdim olunub: «Bu sahədə aparılan islahatların davamı olaraq, hazırda milli mənəviyyatın və mədəniyyətin inkişaf özəyini təşkil edən diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri” tərtib edilib. Azərbaycan MDB ölkələri arasında ilk ölkədir ki, belə bir reyestr hazırlanıb.
Nazir onu da qeyd etdi ki, xalqımızın qeyri-maddi mədəni irsinin sistemli şəkildə inkişafı və təbliğini təşkil etmək məqsədilə “Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin portfolio bankı” hazırlanır. Burada xalq kollektivləri, ifaçılar, xalq dekorativ-tətbiqi və təsviri sənəti ilə məşğul olan sənətkarlar, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, özəl qurumlar barədə məlumatlar əksini tapacaq.
Nazir “Azərbaycanın qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı”nın yaradılması istiqamətində iş aparıldığını da diqqətə çatdırdı. Qeyd etdi ki, klub-park sistemində mərkəzləşdirilmə və profilləşdirilmə üzrə əsaslı islahatlar həyata keçiriləcək: «Yerlərdə şəhər (rayon) mədəniyyət evləri əsasında mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor və sənətkarlıq istiqamətli filiallarının, habelə mədəniyyət və istirahət parklarının əsasında etnoparkların yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycanın qeyri-maddi mədəni irsinin beynəlxalq aləmdə təbliği, həmçinin ölkəyə gələn turistlərin sayının artırılması məqsədilə “Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları”nın təşkil edilməsi, habelə digər konseptual proqram və layihələr üzərində də müvafiq işlər görülür”.
Mədəni irsimizin dünyada tanıdılmasında mühüm töhfə
Nazir qeyd etdi ki, həyata keçirilən layihələr sırasında “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramının xüsusi yeri var. Bildirdi ki, 2012-ci il üzrə xalq yaradıcılığı paytaxtları elan olunmuş Gədəbəy, Masallı və Quba şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və digər tədbirlərin təşkili nəzərdə tutulur: «Əminəm ki, ilboyu keçiriləcək tədbirlər bu şəhərlərin və ümumilikdə Azərbaycanın qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasında mühüm töhfə olacaq».
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun əməkdaşı Vüqar Məmmədov layihənin proqramını açıqladı və 2011-ci ilin xalq yaradıcılığı paytaxtları olmuş Şabran (əfsanələr), Lənkəran (folklor) və İsmayıllı (sənətkarlıq) şəhərlərində keçirilən tədbirlər barədə məlumat verdi.
Sonra Gədəbəy, Masallı və Quba rayonlarının icra hakimiyyətlərinin nümayəndələri çıxış etdilər. Qeyd olundu ki, bu layihə Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni irs nümunələrinin, sənətkarlığının, tarixinin qorunmasına xidmət edir.
Tədbirin sonunda 2011-ci ildə Azərbaycanın müxtəlif istiqamətlər üzrə mədəniyyət paytaxtı olmuş Şabran, Lənkəran və İsmayıllı rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri 2011-ci il üçün təsdiq olunmuş illik tədbirlər planının icrasında göstərdikləri fəaliyyətə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanla təltif olundular. Gədəbəy, Masallı və Quba rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinə, mədəniyyət və turizm şöbələrinin müdirlərinə isə bu şəhərlərin 2012-ci ildə “Yaradıcılıq paytaxtları” elan olunmaları münasibətilə nazirliyin fəxri diplomu və kuboklar təqdim olundu.
Fəxriyyə Abdullayeva