Bahar bayramının təntənəli şəkildə qeyd olunması xalqımızın ulu keçmişinə ehtiramını göstərir
Zəngin mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı, hər il olduğu kimi, bu il də ölkəmizdə təntənəli şəkildə qeyd olunur.
Martın 19-da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxtımızda təşkil edilən şənliklər də möhtəşəmliyi ilə yadda qaldı. Tədbirin gerçəkləşdiyi İçərişəhərdə və Dənizkənarı Milli Parkda əsl bayram əhvali-ruhiyyəsi yaşanırdı. Bayram tədbirində bölgələrimiz də geniş təmsil olunurdu.
Xalq sənətinin sehrli aləmi
Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinə aid stolda xalq sənətkarlığı nümunələri sərgilənmişdi. Şirin Şəki ləhcəsi ilə danışan Sayalı İslamova artıq 4-cü ildir Bakıda keçirilən Novruz tədbirlərində iştirak edir: «Təkəlduz sənəti üzrə əl işlərimi təqdim edirəm. 10 ildir ki, bu sənətlə məşğulam. İnsanların qədim sənətlərə marağı ildən-ilə artır. Bizə müraciət edənlər arasında xarici və yerli ziyarətçilər var. Dövlət tərəfindən təşkil olunan belə tədbirlər biz sənətkarlar üçün həm də öz əl işlərimizi tanıtmaq, təqdim etmək üçün bir imkandır”.
Abşeron rayonunu təmsil edən “Atropaten” firmasının təqdim etdiyi xalça nümunələri göz oxşayırdı. Firmanın direktoru Vahid Məmişov bildirdi ki, ölkəmizdə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər: «Novruz xalqımızın milli dəyərlərini yaşadan bayramdır. Ortaq dəyərlərin ətrafında yığışdıqca millət bütövləşir. Bizim bu gün burada iştirak etməkdə məqsədimiz paytaxt sakinlərinə və qonaqlarımıza qədim el sənəti nümunələrimizi təqdim etməkdir. Xalça sehrli bir sənətdir, onun xüsusi cazibə qüvvəsi var. Qarşıdan gələn «Eurovision» mahnı müsabiqəsi ilə bağlı nümunələrin, kiçikölçülü xalçaların istehsalına başlamışıq. Onları xarici qonaqlara təqdim edəcəyik”.
“Novruzu Bakıda qeyd etməyin ayrı ləzzəti var”
Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Ömərov bayram tədbirinə bölgənin özünəməxsus məhsullarını gətiriblər. Bizim diqqətimizi isə qaxac deyilən ət məhsulu cəlb edir. N.Ömərov bildirdi ki, payız aylarında kəsilən qoçun əti duzlanır, sonra isə hündür yerdən asılaraq qurudulur. Həmsöhbətimin sözlərinə görə, gələn ziyarətçilər arasında Qax suyuna da maraq böyükdür.
Novruz şənliyində ürəkdən çıxış edənlərdən biri də Aşıq Nemətin tələbələri idi. Aşıq bayram təəssüratlarını bizimlə bölüşdü: «Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu həm də bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz bahar bayramı kimi qeyd olunur. Novruz biz aşıqlara daha yaxındır. Bu bayramı aşıqsız təsəvvür etmək çətindir. Ona görə də aşıqlar qrupumuz burada ürəklə çalıb-oxuyur».
Bayram tədbirinə İrandan, Türkiyədən, digər ölkələrdən qonaqlar da qatılmışdı. Ozra Əqliman Novruz bayramını Bakıda keçirmək üçün iki oğlu ilə birlikdə Təbrizdən gəlib: «Oğlanlarım Bakını çox sevir. Xüsusilə Novruz bayramının burada belə təntənəli qeyd edilməsi bizim xoşumuza gəlir. İnsanların üzlərindəki sevinc hisslərini, onların bayram əhvali-ruhiyyəsini müşahidə etmək bizim də ovqatımızı xoş edir. Ona görə də artıq 3 ildir ki, bayramı keçirmək üçün Bakıya gəlirik».
Sonda...
Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcı, başdan-başa ruh yüksəkliyi, torpağa, insana məhəbbət bayramıdır. Biz də xalqımızın Novruz bayramını təbrik edir, ruzili, bərəkətli, günəşli günlər arzulayırıq.
Fəxriyyə Abdullayeva