Uşaq musiqi və incəsənət məktəblərində yeni dərs ili həyəcanı
   
   Yeni dərs ilinin başlanması münasibətilə paytaxtın yeni təmir-bərpa olunmuş bir neçə musiqi və incəsənət məktəbində təntənəli mərasimlər keçirildi. Ən yüksək səviyyədə yenidən qurulmuş tədris ocaqları dövlətin yaradıcı gənclərə diqqət və qayğısının bariz nümunəsidir.
   
   35 saylı musiqi məktəbində “Bilik günü”
   
   Sentyabrın 15-də Georgi Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbinin təmirdən sonra açılışı keçirildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva şagirdləri “Bilik günü” münasibətilə təbrik etdi. Məktəbdə uşaqların çalışması və oxuması üçün yaradılan şəraiti yüksək qiymətləndirdi.
   Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova da son illər ölkəmizdə aparılan quruculuq işlərindən danışaraq təhsil sahəsinə göstərilən diqqət və qayğını xüsusilə vurğuladı.
   Musiqi məktəbinin direktoru, Əməkdar müəllim Yusif Vəliyev tədris ocağının bir il öncə təmirə dayandığını və hazırda müasir standartlara cavab verən məktəb olduğunu bildirdi.
   Daha sonra açılış rəmzini bildirən qırmızı lent kəsildi və məktəbə baxış keçirildi.
   Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev və digər qonaqlar iştirak edirdilər.
   Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq G.Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbi ötən ilin avqust ayından təmirə dayandırılıb. Yenidənqurma işləri zamanı binada əlavə sinif otaqları, kitabxana və muzey yaradılıb. Məktəbin kiçik konsert zalı 90 nəfərlik böyük akt zalı ilə əvəz edilib. Bina zəruri texniki avadanlıq, musiqi alətləri, kompyuterlərlə və s. təmin edilib.
   Məktəbə baxışdan sonra şagirdlər akt zalında konsert proqramı ilə çıxış etdilər. “Bayatı-Şiraz” təsnifi, “Bayram sevinci”, “Ölkəm”, “Min bir gecə” baletindən parça, F.Şopenin “Etüd”, N.A.Rimski-Korsakovun “Arı uçuşu” və digər musiqi kompozisiyaları səsləndi.
   
   Sahil qəsəbəsində yeni musiqi məktəbləri istifadəyə verilib
   
   Sentyabrın 17-də paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində əsaslı təmir olunmuş 28 saylı uşaq musiqi və 5 saylı uşaq incəsənət məktəblərinin açılış mərasimi keçirildi.
   28 saylı uşaq musiqi məktəbinin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə mədəniyyət təhsili sahəsinə göstərilən dövlət qayğısından söz açdı. Qeyd olundu ki, son illərdə respublikanın bir çox uşaq musiqi və incəsənət məktəbləri üçün yeni binalar tikilib, istifadədə olan tədris binaları əsaslı təmir olunub. Bu, ölkə rəhbərliyinin mədəniyyət təhsili sahəsinə göstərdiyi böyük diqqətin təzahürüdür. Ölkəmizdə uşaq və gənclərin musiqi, incəsənət, rəssamlıq sahəsində keyfiyyətli təhsil alması üçün geniş imkanlar yaradılır. Ölkə başçısının sərəncamları ilə istedadlı uşaqların adları gənc istedadların “Qızıl kitabı”na yazılır və onlar Prezident təqaüdünə layiq görülürlər.
   Yeni tədris ili ərəfəsində dövlət başçısının sərəncamı ilə bir qrup mədəniyyət işçisinə fəxri adlar verilib. Onların arasında uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri də var. Nazir müavini vurğuladı ki, 2012-2013-cü tədris ilində bir sıra uşaq musiqi və incəsənət məktəbləri təmir olunmuş binalarda fəaliyyət göstərəcəklər: “Sentyabrın 15-də G. Şaroyev adına 35 nömrəli musiqi məktəbinin açılışı oldu. Tədris ili ərzində paytaxtın S.Ələsgərov adına 1 və F.Əmirov adına 6 nömrəli uşaq incəsənət məktəblərinin, C.Hacıyev adına 3 nömrəli, L və M.Rostropoviçlər adına 21, Ə.Bədəlbəyli adına 23 nömrəli, 11 nömrəli musiqi məktəblərinin binaları təmirdən sonra istifadəyə veriləcək”.
   Qeyd olundu ki, Sahil qəsəbəsində əsaslı təmir olunmuş iki tədris ocağında da müəllim və şagirdlər üçün gözəl şərait yaradılıb. Bildirildi ki, 28 nömrəli məktəb bu il 35-ci tədris ilinə qədəm qoyur: “Əlamətdar haldır ki, məktəbin kollektivi yubiley tədris ilini gözəl təmir olunmuş binada, çox yaxşı şəraitdə qarşılayır. Məktəbin kollektivini, müəllimləri, şagirdləri bu münasibətlə təbrik edirəm. İnanıram ki, kollektiv təmir edilmiş, yeni musiqi alətləri və müasir avadanlıqla təchiz olunmuş binada daha səylə çalışacaq”.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Sahil qəsəbəsində 28 saylı musiqi və 5 saylı uşaq incəsənət məktəblərinin əsaslı təmirinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirildiyini bildirdi. Vurğuladı ki, rayonun digər qəsəbələrində də Dövlət Proqramı çərçivəsində bir sıra mədəniyyət evlərinin və musiqi məktəblərinin əsaslı təmiri və inşası davam edir.
   Məktəbin direktoru Mehman Əzimov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
   Sonra tədbir iştirakçıları məktəblə tanış oldular. Məlumat verildi ki, məktəb 10 sinif otağından, əlavə 4 otaq və akt zalından ibarətdir. Məktəbdə fortepiano, tar, kamança, skripka, qarmon, saz, xanəndəlik, vokal sinifləri fəaliyyət göstərir. Şagirdlər müxtəlif müsabiqələrdə uğurlar qazanıblar.
   
   * * *
   Tədbir iştirakçıları sonra 5 saylı uşaq incəsənət məktəbinin açılış mərasiminə qatıldılar. Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxışında ölkə rəhbərliyi tərəfindən mədəniyyət işçilərinə və bütövlükdə mədəniyyət sahəsinə xüsusi diqqət göstərdiyini vurğuladı. Bu gün mədəniyyət sahəsindəki hər bir uğurun arxasında məhz dövlətin bu istiqamətdəki məqsədyönlü siyasəti dayanır.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev musiqi təhsilinə qayğıdan söz açdı, məktəbin kollektivinə uğurlar arzuladı, bundan sonra məktəbin uğurlarının sayının artacağına əminliyini ifadə etdi.
   5 saylı uşaq incəsənət məktəbinin direktoru Emin Nağıyev 1980-ci ildə fəaliyyətə başlamış tədris ocağının 1990-cı ildə yenidən təşkil edildiyini, musiqi ixtisaslarından başqa incəsənət dərsləri də tədris olunduğunu dedi. Bildirildi ki, məktəbdə 83 müəllim, 282 şagird var. 11 ixtisas tədris olunur. Musiqi ixtisasları ilə yanaşı, rəsm, xoreoqrafiya dərsləri keçirilir. Direktor məktəbin kollektivi adından ölkə başçısına minnətdarlığını ifadə etdi.
   Hər iki tədbir mədəniyyət ocaqlarının özfəaliyyət kollektivlərinin konsert proqramı ilə yekunlaşdı.
   
   Reyhan İsayeva,
   Ceyhun Zərbəliyev