I Bakı Beynəlxalq İdman Filmləri festivalının qalibləri elan olundu
   
   Oktyabrın 11-də “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilən I Bakı Beynəlxalq İdman Filmləri Festivalına yekun vuruldu, qaliblərə mükafatlar təqdim olundu. Qeyd edək ki, üç gün davam edən festivalda 20-dək ölkədən 50-dən çox bədii və sənədli film iştirak edirdi.
   
   Mərasimdə «İdman və cəmiyyət» və «İdman və şəxsiyyət» nominasiyalarında mükafatların qalibləri, münsiflər heyətinin xüsusi prizi və baş mükafatın - “Qran pri”nin sahibi elan olundu. Qaliblərə, diplom və xüsusi prizlərdən əlavə, pul mükafatları təqdim olundu.
   İlk olaraq «Jürinin xüsusi mükafatı»nı təqdim etmək üçün festivalın beynəlxalq münsiflər heyətinin rəhbəri, Serbiya Kinematoqrafçılar İttifaqının sədri Yovan Markoviç səhnəyə dəvət olundu. Mükafata Rusiya rejissoru Yevgeni Yaşinin «Burada və indi» filmi layiq görüldü.
   «İdman və cəmiyyət» nominasiyasında 3-cü yerin sahibini stend atıcılığı üzrə Olimpiya çempionumuz Zemfira Meftəhəddinova elan etdi. Mükafat Türkiyəli prodüser Can Saraçoğluna təqdim olundu. Bu nominasiyada 2-ci yeri rusiyalı Dmitri Lavriyenkonun «Zenit. Kazan. Zirvəyə gedən yol» filmi qazandı. “İdman və cəmiyyət» nominasiyasının birinci mükafatına isə Azərbaycan rejissoru Arzu Urşanın «Top həm qalxar, həm düşər» filmi layiq görüldü. Rejissora mükafatı Beynəlxalq İdman Kinosu və Televiziyası Federasiyasının prezidenti Franko Askani təqdim etdi.
   «İdman və şəxsiyyət» nominasiyasında 3-cü yer Rusiya təmsilçisi Nikolay Maletskinin “Yelena Kalinina. At belində” filminə verildi. İkinci yerin qalibini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova elan etdi. Mükafat Aleksandr Aleksandrovun «İnsan İvan Yarıgin» filminə verildi.
   “İdman və şəxsiyyət” nominasiyasında 1-ci yeri Rusiyanı təmsil edən “Vladislav Tertyak. Maskasız qapıçı” filmi qazandı. Ssenari müəllifi Sergey Şaçinə mükafatı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təqdim etdi.
   Nəhayət, festivalın baş mükafatının - “Qran-pri”nin qalibini elan etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səhnəyə dəvət olundu. Baş mükafata Serbiyanı təmsil edən Qordon Matiçin «Oyundan da böyük» filmi layiq görüldü.
   Mərasimin sonunda mədəniyyət və turizm naziri festival iştirakçılarına təşəkkür edərək bu təşəbbüsü irəli sürən insanlara minnətdarlığını bildirdi. Dünyada idman filmləri sahəsində 15-dək festival keçirildiyini deyən nazir artıq Bakı festivalının da bu sırada yer aldığını vurğuladı.
   
   Aliyə