Mədəniyyət və İncəsənət Universitetində akademik Ramiz Mehdiyevin məqaləsi müzakirə edilib
   
   Yanvarın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilib.
   
   AzərTAc xəbər verir ki, tədbirdə ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin elmi-nəzəri əhəmiyyətindən danışıb, müəllifin yüksək vətənpərvərlik ruhu ilə qələmə aldığı bu yazının Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin xidmətlərinə kölgə salmaq istəyənlərə vaxtında və olduqca mükəmməl elmi-siyasi cavab olduğunu vurğulayıb.
   Rektor bildirib ki, məqalə Səfəvilər dövləti ilə bağlı aparılmış ciddi elmi araşdırmalar əsasında yüksək intellektual təfəkkürlə yazılıb. Burada Şah İsmayılın xalqımız qarşısında böyük xidmətləri - mərkəzləşmiş dövlət yaratması, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırması, diplomatiya mənbəyi yaratması, ədəbi-mədəni irsi mühafizə və inkişaf etdirməsi bir daha vurğulanıb. Əslində ciddi tarixi və sosial-siyasi tədqiqat xarakterli məqalənin başlıca qayəsi tarixi keçmişimizi, kimliyimizi dünyaya olduğu kimi təqdim etməkdir.
   T.Əfəndiyev deyib ki, tarixi həqiqətlərin üzə çıxarılmasında böyük rolu olan bu qiymətli əsərin üslubuna əzəmətli bir qürur hissi də xasdır. Bu isə milli iftixar və dövlətçilik məsuliyyətindən irəli gəlir. Müstəqilliyimizi bərpa etdiyimiz illər ərzində Azərbaycanda dövlət quruculuğu sahəsində böyük işlər görülüb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin tarixi inkişaf strategiyasına uyğun olaraq Prezident İlham Əliyev ölkəmizi iqtisadi, siyasi, mədəni-mənəvi baxımdan ən yüksək dünya standartları səviyyəsinə qaldırmağa nail olub. Bütün bunların kontekstində tariximizin, ədəbiyyat və mədəniyyətimizin bu vaxtadək açılmamış qalan, yaxud yanlış təqdim edilmiş səhifələri, tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti yenidən öyrənilir. Bu baxımdan akademik Ramiz Mehdiyevin ciddi tarixi faktlara əsaslanan bu konseptual məqaləsi bizim humanitar və ictimai elmlər sahəsində prioritetimizi müəyyən edən sanballı əsərdir. Bu, müəllifin dövlətçilik təfəkkürü ilə vaxtında yazılmış müstəqil tədqiqat əsəridir.
   Rektor vurğulayıb ki, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi tarixi varislik və çağdaş siyasi inkişaf kontekstində hazırlanmış proqram sənədi kimi dəyərləndirilə bilər. Universitetin prorektoru, professor Rafiq Sadıqov məqalədə Şah İsmayıl Səfəvinin hakimiyyəti dövründə sənətə və sənətkarlara yüksək qiymət verilməsindən bəhs olunduğunu diqqətə çatdırıb.
   Bildirilib ki, məqalənin ana xəttini tarixi mənbələrə əsaslanaraq Azərbaycan dövlətçiliyinin zəngin ənənələrə malik olmasının sübutu, bu məlum həqiqətə hələ də şübhə ilə yanaşanların məntiqsiz düşüncələrinin faktlarla təkzibi prinsipi təşkil edir. Tarixi həqiqətləri çevik siyasi manevrlərlə zəngin diplomatik təfəkkür tərzi ilə vahid kontekstdə işıqlandıran bu məqalə, şübhəsiz ki, fəaliyyətimizin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində ciddi əhəmiyyət kəsb edir.
   Qeyd olunub ki, Azərbaycan dövlətçiliyinin ideya-siyasi dəst-xəttinin inkişaf etdirilməsi baxımından da bu irihəcmli publikasiyanın böyük əhəmiyyəti vardır. Bu tarixi yazı bizə işimizə daha ciddi yanaşmağı, tariximizi daha dərindən öyrənməyi, dövlətçilik strategiyamızı daha dərindən mənimsəməyimizi tövsiyə edir.
   Professor Nizaməddin Şəmsizadə bildirib ki, akademik Ramiz Mehdiyevin bu məqaləsi müasir Azərbaycanın siyasi-ideoloji prioritetlərini müəyyənləşdirən tarixi əsərdir. Ali dövlət təəssübkeşliyi və vətəndaş yanğısı ilə qələmə alınmış yazıda Şah İsmayıl Xətainin Azərbaycan dövləti və xalqı qarşısındakı böyük xidmətləri, Azərbaycan torpaqlarını birləşdirməsi və böyük Səfəvi dövlətini yaratması təkzibolunmaz tarixi faktlarla diqqətə çatdırılıb.
   Məqalənin elmi əhəmiyyətini qeyd edən professor Aqşin Babayev deyib ki, bu yazı tarixçi alimlərimiz üçün sanballı tədqiqat mənbəyidir. Tarixi şəxsiyyətlərə düzgün qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb edən məqalədə Azərbaycan tarixində, dövlətimizin və dövlətçiliyimizin inkişafında böyük rolu olmuş bir sıra tarixi şəxsiyyətlərin adları çəkilir, onların fəaliyyətləri təqdir olunur. Məqalədə Şah İsmayıl Xətai, haqlı olaraq, həm görkəmli dövlət xadimi, həm də böyük ədəbiyyat, söz, sənət hamisi kimi təqdim edilib.
   Tədbirdə ADMİU-nun professorları Əlikram Tağıyev, Gülşən Əliyeva, dosent Vəfa Əliyev çıxış edərək yüksək vətənpərvərlik ruhunda qələmə alınmış yazı ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, akademik Ramiz Mehdiyevin məqaləsi orta əsrlərin araşdırılması baxımından metodoloji əhəmiyyətə malik dəyərli tədqiqat mənbəyidir.
   Müzakirədə böyük ziyalı və vətəndaş qəlbinin hökmü ilə Azərbaycan tarixinə, xalqın keçmişinə ehtiramla yazılmış bu məqalənin ciddi elmi-pedaqoji əhəmiyyətə malik olduğu vurğulanıb. Eyni zamanda, gənc nəsildə tarixi keçmişimizə ehtiram, gələcəyə inam hissi formalaşdıran “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin müddəalarının ali məktəblərin tədris proqramlarına daxil edilməsi zərurəti qeyd olunub.