Oktyabrın 9-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda gənc yazıçı Pərvinin “Söhbətlər” ( önsözün müəllifi Xalq şairi Fikrət Qoca), türk dilində nəşr olunan “Balerin” (çevirəni İmdat Avşar, ön sözün müəllifi Xalq yazıçısı Anar) və rusca çapdan çıxan “Dlya Samira” (ön sözün müəllifi Xalq yazıçısı Anar) kitablarının təqdimat mərasimi keçirildi.

Tədbiri Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq müəllif barədə məlumat verdi. Bildirdi ki, Pərvin Yazıçılar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin məzunudur. 2010-cu ildən AYB-nin üzvüdür. Ədəbi mühitə gəldiyi ilk vaxtlarda müxtəlif mətbuat orqanlarında esselər, kiçik hekayələr və publisistik məqalələrlə çıxış edib. “Qar yağacaq” kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb. “Balerina” povesti Milli Kitab Mükafatının ikincisi olub. 2014-cü ildə ölkə başçısının sərəncamı ilə ədəbiyyat üzrə gənclər üçün Prezident Mükafatına layiq görülüb. Xarici ölkələrdə Azərbaycan gəncliyini təmsil edib. Rus dilinə tərcümə edilən hekayələri müxtəlif almanaxlarda və Rusiya nəşrlərində işıq üzü görüb. 2014-cü ildə isə Riqada beynəlxalq proza festivalında iştirak edib və hekayələri latış dilinə tərcümə olunub.
Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca Pərvini istedadlı gənc yazar kimi dəyərləndirdi: “Pərvin istedadlı bir gənc yazardır. İndi yazar sözü onun üçün sözlərin ən uyğunudur. Gəncdir, istedadlıdır, hələ yolun əvvəlindədir. Zaman onun istedadından yonub nə düzəldəcək onu gələcək zaman bilir, bir də Pərvin özü bilir. Mən Pərvinə yaradıcılıq uğurları arzulayıram”.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müəllifi yeni kitablarının nəşri münasibətilə təbrik etdi: “Hər bir gözəl əsərə sevinirəm. Əgər əsərin müəllifi azərbaycanlıdırsa ikiqat sevinirəm. Əsər gənc bir ədibin qələmindən çıxıbsa üçqat sevinirəm. Pərvin çox istedadlı, ağıllı, zəhmətkeş yazardır, işıqlı insandır. Onun yazılarında da işıq var”.
AYB-nin katibi İlqar Fəhmi çıxışında Pərvinin jurnalist kimi fəaliyyətindən söz açdı: “Jurnalist müsahibə alırsa qarşısındakı insanı sevməlidir. Bu yazardan böyük ürək tələb edir. Pərvin müsahibə zamanı həmsöhbətlərinin arxasında gizlənir, sualdan-suala həmsöhbətinin iç dünyasını açır”.
Tənqidçi Vaqif Yusifli isə Pərvinə bir hekayəçi kimi nəsr sahəsində yaradıcılığını davam etdirməsini arzuladı: “İstedad sözü birinci sırada durur. Pərvin hekayələrində böyük mətləblər verir, insan talelərini işıqlandırır. Hekayə qəhrəmanları adi insanlardır, amma onların içində bir işıq var”.
Təqdimat mərasimində yazıçı-dramaturq Əli Əmirli, professorlar Qəzənfər Paşayev, Cahangir Məmmədli, Tofiq Məlikli, Himalay Qasımov, rejissor Ramiz Həsənoğlu və digər çıxış edənlər gənc yazarın yaradıcılığından söhbət açdılar, ona yeni uğurlar arzu etdilər.
Sonda çıxış edən Pərvin ona çox unudulmaz bir gün yaşatdıqları üçün çıxış edənlərə, iştirakçılara təşəkkürünü bildirdi: “Mən hər zaman mənə göstərilən etimadı doğrultmağa çalışmışam. Yaradıcılıqları ilə böyüdüyüm, heyranı olduğum insanların haqqımda söz demələri, yazı yazmaları mənim üçün çox böyük məsuliyyətdir”.

Savalan Fərəcov