Mayın 10-da Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində ümummilli liderin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə 4-23 may tarixində mərkəzdə ixtisasartırma kurslarına cəlb edilmiş, şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemləri kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələrinin müdirləri, mədəniyyət evi statuslu filialların mədəni təşkilatçıları və uşaq musiqi və incəsənət məktəblərinin tar müəllimləri iştirak ediblər.
Mərkəzin direktoru Ramazan Şabanov tədbiri açaraq ulu öndərin dövlətçilik fəaliyyətindən danışıb. Mərkəzin direktor müavini Nəzakət Rəhmanova “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” mövzusunda çıxış edib.
Qeyd olunub ki, Heydər Əliyev dünya siyasi natiqliyinə daxil olan fenomenlərdəndir. Mühazirənin əsas mövzusu Nağdəli Zamanovun müəllifi olduğu “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” ikicildlik kitabı olub. Kitabda nitq mədəniyyəti məsələləri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin mühüm komponenti kimi dəyərləndirilib. Ulu öndərin fərdi üslubu, aydın, səlis və rəvan dili, məntiqi cümlələri onun natiqlik məharətinin əsas tərkib hissələrindəndir.
İştirakçılar Heydər Əliyevə həsr olunmuş sərgi ilə də tanış olublar.