Mayın 24-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Nağıl bilicisi” adlı əyləncəli müsabiqəyə yekun vurulub.
7-10 yaşlı uşaqlar arasında keçirilən müsabiqənin yekun tədbirində valideynlər, müəllimlər, kitabxana əməkdaşları iştirak ediblər. Kitabxananın direktoru Şəhla Qəmbərova bildirib ki, “Nağıl” otağında həftənin müəyyən günlərində “Nağıl saatları”nın keçirilməsi artıq ənənəyə çevrilib.
Əyləncəli müsabiqə “Axırıncı nağılın adını kim söyləsə...”, “Müəllif nağılları”, “Teleqram”, “Sehrli zənbil” adlı dörd mərhələdə aparılıb. Sonda isə “Tap görüm” müsabiqəsi keçirilib. Suallara düzgün cavab verənlərə jeton verilib. Ən çox mükafat jetonu qazanan qalib hesab edilib. Müsabiqədə Azərbaycan nağılları ilə yanaşı, dünya xalq nağıllarına da müraciət olunub. Qalib adını Yasamal rayonu 53 nömrəli tam orta məktəbin IV sinif şagirdi Nəzrin İsmayılova qazanıb. Ona kitabxana rəhbərliyi tərəfindən “Nağıl bilicisi” medalı təqdim edilib. Bütün iştirakçılara “Göy qurşağı” jurnalı hədiyyə olunub.