Gənc Tamaşaçılar Teatrında “Anamın kitabı” pyes müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. “Hədəf Nəşrləri”nin təsis etdiyi layihə Gənc Tamaşaçılar Teatrının və kitabevim.az saytının təşkilatçılığı ilə həyata keçirilib.
Mərasimi münsiflər heyətinin sədri, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, milli ədəbiyyatın, teatrın inkişafına dəstək məqsədilə təsis olunan “Anamın kitabı” ədəbi mükafatının builki müsabiqəsinə 50-dən çox pyes təqdim olunub.
Müsabiqədə birinci yerin qalibinə 1000 manat və “Anamın kitabı” ədəbi mükafatı, ikinci, üçüncü və dördüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 500, 300 və 200 manat pul mükafatları təqdim olunub. Mərasim Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında bədii proqramla başa çatıb.