Elmi-praktik konfransda bu sahədə aparılan tədqiqatlardan söz açılıb

Oktyabrın 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Kurortların, istirahət zonalarının və turizm yerlərinin memarlığı və şəhərsalmanın inkişafı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə komitələrin, dövlət qurumları və ali təhsil müəssisələrinin, Gürcüstan Texniki Universitetinin nümayəndələri iştirak ediblər.
AzMİU-dan bildiriblər ki, konfransın keçirilməsinin məqsədi turizmin inkişafında memarlıq və şəhərsalmanın üzərinə düşən vəzifələr, yeni kurort və istirahət yerlərinin yaradılması, turizm və istirahətin ərazi təşkili və digər bu kimi məsələlərlə bağlı aparılan araşdırmaların nəticə və təcrübələrini bölüşmək, ortaq problemlərin həlli istiqamətində tövsiyələr verməkdir.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova ölkəmizdə kurort şəhərlərinin inkişaf tarixindən, son illər turizmin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev, Şəhərsalma və Memarlıq Komitəsinin şöbə müdiri Anar Nəcəfov konfransın əhəmiyyətini qeyd ediblər.
“Bakıdövlətlayihə” İnstitutunun direktoru İlqar İsbatovun, “Kurortlayihə” institutunun direktoru İ.İbrahimovun, “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimlinin mövzuya dair məruzələri dinlənilib.
Sonra konfrans işini bölmələrdə davam etdirib.