Onların arasında xalq mahnılarının patefon yazıları da var
   
   AMEA-nın Əlyazmalar İnstitutu Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətlərini, elektron variantlarını əldə edib.
   
   İnstitutun direktor əvəzi Paşa Kərimovun sözlərinə görə, onların arasında XX əsrin əvvəlində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri var.
   XVIII əsrə dair Bakı buxtasının xəritəsi və şəhərin planı, Abşeron yarımadasındakı neft quyularını göstərən xəritə, Xəzər dənizi (1721), Volqa, Kür çayları və Xəzəryanı sahillərin (1724-1729) xəritəsi, Qafqaz bölgəsinin 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş xəritəsi dövrün maraqlı tarixi sənədləridir. Əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş «Kəlilə və Dimnə», cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən «Oğuznamə», təbabətə dair XVI əsrə aid «Əlacnamə» əsəri, Ə.Nəvainin əsərləri və s. maraq doğurur.
   Avropa səyyahlarının Azərbaycanla bağlı müşahidələrindən ibarət kitablar da dəyərli mənbələrdir. XVII əsrdə İran və Azərbaycanda olmuş Rafael dü Manın 1890-cı ilə çapdan çıxmış kitabında Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən, övladlarından, İsfahandakı sarayda Azərbaycan türkcəsinin işlənməsindən, ölkəmizin şəhərlərindən və təbii sərvətlərindən bəhs olunur.
   Paris Milli Kitabxanasından əldə edilmiş materiallar içərisində Azərbaycan xalq mahnılarının XX əsrin əvvəllərində patefon yazılarının surətləri də var. Məşədi Hilal Zeynalovun ifasında Ü.Hacıbəylinin «Leyli və Məcnun» operasından bir parça, «O xal nə xaldı» mahnısı, Mahmud Behbudovun ifasında «Dəsmalın, yar», «Var bir incəbel», Məhəmməd Zeynalın ifasında «Şikəstə», Şövkət Məmmədovanın ifasında «Sən ki», «Mən bir güldüm», «Mən görməzdim» adlı mahnılar kifayət qədər aydın səslənir. Maraqlıdır ki, xalq mahnılarımızın bir hissəsi erməni ifaçılarının səsində yazıya alınıb. Anna Poqosova «İrəvanda xal qalmadı», «Qara gözüm», Muxtar Ter-Akopov «Bəri bax», «Şüştəri», «Qarabağ şikəstəsi» havalarını təmiz Azərbaycan dilində ifa ediblər.