1974-cü ildə indiki Heydər Əliyev (o zamanlar Lenin adına) Sarayında «İstedadlar axtarırıq» adlı ilk konsert-müsabiqə keçirildi. Bu müsabiqəni keçirməkdə məqsəd yeni istedadlar axtarıb üzə çıxarmaq, onlara böyük səhnəyə yol açmaq idi. Sonrakı illərdə müsabiqə bir çox istedadların üzə çıxmasına səbəb oldu. İki, bəzən də üç gün davam edən müsabiqə gedişində sarayın konsert zalı isə həmişə tamaşaçı ilə dolardı. İştirak etmək arzusunda olanların sayı yüzlərlə idi, bölgələrdən də çox müraciətlər gəlirdi.
   Müsabiqədə iştirak etmək hüququ qazananlar bir neçə həftə çox ciddi məşqlərə cəlb olunurdu. Həmin məşqlərdə və sonradan keçirilən konsertlərdə onları Xalq artisti İslam Rzayevin rəhbərliyi altında xalq çalğı alətləri ansamblı müşayiət edirdi. İslam Rzayevin özünün isə bilavasitə həmin iştirakçıların seçilməsində böyük rolu vardı. Yekun konsertində son qaliblərin seçimi tamaşaçıların ixtiyarına verilirdi. Belə ki, hər tamaşaçıya konsert zamanı iştirak edəcək ifaçıların adı və soyadı olan anketlər paylanırdı, onlarda öz seçdikləri ifaçını təyin olunmuş balla qiymətləndirirdilər.
   Bu müsabiqə müxtəlif illərdə beş dəfə keçirilib. Qaliblər bu gün də səhnəmizdə öz layiqli yerlərini tuturlar. Xalq artistləri Ağadadaş Ağayev, Bilal Əliyev, Zümrüd Məmmədova, əməkdar artistlər Baloğlan Əşrəfov, Rühəngiz Allahverdiyeva, Kəmalə Rəhimli, Zöhrə Abdullayeva, Cabir Abdullayev, saz ustası Nemət Qasımlı, aktyor Anar Heybətov, meyxanaçı Nizami Rəmzi, tanınmış müğənnilər Teyyub Aslanov, Qəzənfər Abbasov, Yaqut Babayeva, Səyyad Əlizadə, Elşad Qarayev, Safura Əzimi və bir çox başqaları həmin müsabiqədən keçərək səhnəyə yol alıblar.
   Bir vaxtların populyar müsabiqəsi yenidən “Zirvələrə doğru” adı altında bərpa olunub. Müsabiqədə 16 yaşdan - 30 yaşadək olan gənclər - səsi, musiqi alətlərində ifaçılıq bacarığı, aktyorluq, bədii qiraət, orijinal janrda istedadı olanlar, kiçik xor kollektivləri və s. iştirak edə bilərlər.
   Müsabiqənin birinci seçim turu üçün müraciətlər fevralın 1-dən 20-dək qəbul olunacaq.
   Seçim turlarının sonunda müəyyən ediləcək tarixdə Heydər Əliyev Sarayında istedadlı iştirakçıların böyük konsert proqramı keçiriləcək.
   Arzu edənlər müsabiqənin təşkilat komitəsinə müraciət edə bilərlər. Təşkilat komitəsinin əlaqələndiricisi Sarayın rejissoru Sədaqət Cəfərovadır.
   
   Layihənin informasiya dəstəyi "Mədəniyyət" qəzetinə, APA və 1news.az informasiya agentliklərinə məxsusdur.
   

   Əlaqə telefonları: (012) 498-84-67, 498-84-76. (ext. 134).
   Mobil: (055) 482-20-40
   e-poçt: office@ha-saray.az
   Ətraflı məlumat: www.ha-saray.az,  www.facebook.com/heydaraliyevpalace