Beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Böyük Britaniyada keçirilən “Melos” beynəlxalq internet musiqi müsabiqəsində birinci yerə layiq görülüb.
“Melos” Mədəniyyət Assosiasiyasının təşkil etdiyi müsabiqənin şərtlərinə görə, internet vasitəsilə göndərilən ifalar münsiflər heyəti tərəfindən anonim şəkildə dinlənilərək qiymətləndirilib. Mükafatlandırılma aparıldıqdan sonra məlum olub ki, “C” qrupunda birincilik qazanmış ifanın müəllifi Ayan Məmmədlidir.
Müsabiqənin qalibi kimi A.Məmmədli 2016-cı il aprelin 8-də Roma Konservatoriyasının “Santra Ceciliya” zalında keçiriləcək qala-konsertdə çıxış etmək üçün dəvət alıb.
Tofiq Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbinin VI sinif şagirdi Ayan Məmmədli bir neçə beynəlxalq müsabiqədə uğur qazanıb. Bu ilin noyabrında Avstriyada keçirilən beynəlxalq musiqi yarışmasında isə Qran-pri mükafatına layiq görülüb.