Qazaxıstanın məşhur bəstəkarı Tattımbetin (Tattımbet Kazanqapulı, 1815-1862) anadan olmasının 200 illiyi münasibətilə Türkiyənin Ankara və Əskişəhər şəhərlərində “Qazaxıstan və Türkiyə dostluq konserti” keçirilib.
Tədbirlərə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və başqa rəsmi şəxslər qatılıb. Ölkəmizi bu tədbirdə tanınmış balaban ifaçısı, Türkiyədə yaşayan soydaşımız Əlixan Səmədov təmsil edib. O, xalq mahnımız “Sarı gəlin”i Qazaxıstan Karaqanda Tattımbet Orkestri ilə birlikdə ifa edib. Eləcə də tədbirdə “Sarı yayla”, “Dədə Qorqud əfsanəsi”, “Atçılar” kimi əsərlər səsləndirilib.
Əlixan Səmədov martın 13-də İstanbulda “Qars Sevdalıları Qrupu”nun təşkil etdiyi ənənəvi gecədə də çıxış edib. O, Türkiyə və Azərbaycan arasında dostluq körpüsü yaratdığına, türk milli mədəniyyətinə və sənətinə verdiyi töhfələrə görə mükafata layiq görülüb.