Mayın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) gənc bəstəkarların yeni əsərlərindən ibarət plenumun açılışı keçirildi.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq bildirdi ki, artıq 10 ildir ardıcıl olaraq gənc bəstəkarların yeni əsərləri üzrə plenum keçirilir: “Ötən plenumlardan yaranan təəssüratlara əsasən deyə bilərik ki, gənc nəsil müasir musiqiyə böyük həvəslə yanaşır. Dünya arenasına çıxmağa çalışır və bu yolda irəliləyir. Bu gün gənc musiqiçilərimiz xarici ölkələrdə təhsil alır, əsərləri xarici orkestrlərin ifasında səslənir. İnanırıq ki, onlar XXI əsr Azərbaycan musiqi mədəniyyətinin layiqli təmsilçiləri olacaqlar. Azərbaycan professional musiqi incəsənətini yüksək səviyyədə inkişaf etdirmək naminə yeni-yeni nailiyyətlər qazanacaqlar”.
ABİ-nin katibi Aliyə Məmmədova Gənclərlə iş bölməsinin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, istedadlı gənc musiqiçi və bəstəkarlar daim diqqət mərkəzindədir. Onların bir çoxu beynəlxalq müsabiqələrin qalibi və Prezident təqaüdçüləridir.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva yaradıcı gənclərin uğurlarından söz açdı. Kəmalə Əlizadə, Ayaz Qəmbərli, Tofiq Rzayev, Fikrət Qasımzadə və digərlərinin fəaliyyətini yüksək dəyərləndirdi. Qeyd etdi ki, gənclərimiz İtaliya, Fransa, Avstriya və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə yaxından iştirak edirlər.
Qurumun katibi Cəlal Abbasov, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Milli Konservatoriyanın musiqişünas tələbələri Humay Fərəcova, Nigar Yusifova, Səmərə Qafarlı, bəstəkarlar Tural Məmmədli, Sevda Rəhimova, İlahə İsrafilova çıxış edərək gənc bəstəkarlarımızın Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqə və festivallarda uğurlarından danışdılar.
Sonda diqqətə çatdırıldı ki, plenumun konsert proqramında gənc bəstəkarlardan Firidun Allahverdi, Pikə Axundova, Vəfa Bağırzadə, Sevinc Əliyeva, Kəmalə Əlizadə, Cəmilə Əyyubova, Fəridə Fətullayeva, Tahir İbişov, İlahə İsrafilova, Ayaz Qəmbərli, Səid Qəni, Tural Məmmədli, Nərminə Nağıyeva, Kamran Nəsirov və Sevda Rəhimovanın kamera əsərləri səsləndiriləcək.
Qeyd edək ki, plenum çərçivəsində mayın 23-24-də konsert proqramları təqdim olunub. Plenum mayın 25-də başa çatacaq.

Savalan Fərəcov