Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri Rəna Mehralıyeva və Ataxan Quliyevin solo konserti olub.
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən tədbirdə öncə muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirlərdə fəal iştirak etdiyinə görə gənc xanəndələrə fəxri fərman və hədiyyələr təqdim edib.
Konsert istedadlı solistlər Rəna Mehralıyeva və Ataxan Quliyevin “Şahnaz dəstgahı”nın ifası ilə başlayıb.
Onların ifasında səslənən “Arazbarı” və “Ovşarı” ritmik muğamları, “Çahargah” kompozisiyası da alqışlarla qarşılanıb. Konsert “Qarabağ şikəstəsi” ilə başa çatıb.
Xanəndələri Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblı müşayiət edib.