Sentyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyi və “Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə gənc ifaçılar - Miriyam Hacıyeva və Yadid Şvartsın “Yerusəlimdən sevgi ilə” adlı konserti keçirildi.

Musiqi axşamı muzeyin 80 illik yubileyi çərçivəsində Azərbaycan və İsrail arasında qarşılıqlı mədəni əlaqələrin inkişafı məqsədilə təşkil olunmuşdu.
Öncə “Azİz” assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanlı çıxış edərək konsertin əhəmiyyətindən söz açdı. Bildirdi ki, belə tədbirlərin təşkili İsrail ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir. Digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində qarşılıqlı əlaqələrin inkişafının vacibliyini qeyd edən direktor bu istiqamətdə bundan sonra da layihələrin həyata keçiriləcəyini dedi.
Sonra gənc ifaçılar Miriyam Hacıyeva və Yadid Şvartsın ifasında dünya bəstəkarları Cakomo Puççininin “Bohema” operasından Musettanın ariyası, L.Bethovenin “Beşinci sonatası”, V.A.Motsartın “Hökmdar çoban” operasından Amintanın ariyası, Ş.Qunonun “Romeo və Cülyetta” operasından Cülyettanın ariyası, L.Delibin “Les filles de Cadix” vokal əsəri, S.Raxmaninovun, N.Rimski-Korsakovun romansları, R.Ştrausun, F.Kreyslerin əsərləri, eləcə də Niyazinin “Arzu” romansı səsləndi. Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, dünya festivallarında iştirak edən Miriyam Hacıyeva və Yadid Şvarts bir çox uğurlara imza atıb.
M.Hacıyeva 1992-ci ildə Bakıda anadan olub, erkən yaşlarında İsrailə köçüb. Yerusəlim Musiqi Akademiyasında vokal təhsili alıb. Amerika-İsrail Mədəniyyət Fondunun klassik ifa üzrə təqaüdçüsü olan gənc ifaçı beynəlxalq musiqi müsabiqələrinin iştirakçısıdır.
İstedadlı skripkaçı Y.Şvarts da Yerusəlim Musiqi Akademiyasında ali təhsil alıb. Almaniya, Fransa, İtaliya və ABŞ-da keçirilən konsert və festivallarda solist və orkestrant olub.
Tədbirdə İsrailin Bakıdakı səfiri Dan Stav, “Azİz” assosiasiyasının ölkəmizdəki nümayəndəsi Vahid Bayramov və digər qonaqlar iştirak edirdi.

Lalə