Oktyabrın 19-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası fəallarının ifasında “Ordumuzun igidləri” adlı mahnıya çəkilmiş klipin təqdimatı olub. Maraqlı layihələrə imza atan, yetişən nəslin bədii-estetik zövqünü formalaşdırmağa çalışan studiyanın fəallarının ifa etdiyi hərbi vətənpərvərlik mövzulu mahnının sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Gövhər Həsənzadəyə aiddir.
Təqdimatda çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə bu layihənin ölkə teatrları arasında ilk təşəbbüs olduğunu deyib. O, bu maraqlı və məsuliyyətli işi öhdəsinə götürən hər kəsə, klipin ərsəyə gəlməsində zəhməti keçənlərə minnətdarlıq edib.
“Oyuq” teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva və Cəmilə Allahverdiyeva çıxış edərək belə bir mövzuda ilk təşəbbüsü bu teatr-studiyanın həyata keçirdiyi üçün qürur duyduqlarını söyləyiblər.
Sonra klip təqdim olunub.
Klipin süjeti 2016-cı il aprelin əvvəlində Qarabağ cəbhəsində baş verən döyüşləri, Lələtəpə zəfərini ehtiva edir. Klipin nümayişindən sonra “Oyuq” teatr-studiyasının fəalları - Nuray Rəhman, Vüsalə Bəkirzadə, Selcan Müseyibova, Aylin Nəcəfli, Aysu Cəbrayılova, Miryaqub Seyidov və Razim Məmmədlinin ifaları dinlənilib.