Dünya turu


Çox qədim və əsrarəngiz məkan sayılan Hindistan turizm imkanları ilə də seçilir. Adətən soyuq aylarda insanlar istirahətini isti, tropik ölkələrdə keçirməyə can atırlar. Bu arzunu reallaşdırmaq üçün açıq səma altında zəngin muzeyə bənzəyən möcüzələr diyarı Hindistan ən uğurlu seçimlərdən biridir.

Ölkə ilə tanışlıq paytaxtı Dehlinin hava limanından başlayır. Ətrafda saqqallı kişilər və sariyə bürünmüş qadınlar gəzişir, havadan ədviyyat iyi gəlir. Ölkənin iqlimini dəqiq müəyyən etmək çətindir. Hindistana getmək istəyirsənsə, oktyabrdan marta kimi dövrü seç. Bu müddətdə hava nə çox isti, nə də yağışlı olur.
Burada insanların emosiyaları, mehribanlığı, gülüşü, mülayim simaları adamı heyran edir. Səyahət zamanı turistlərə «qızıl üçbucaq» gəzintisi təklif olunur. Bura Hindistanın ən möhtəşəm şəhərləri - Dehli, Aqra və Caypuru gəzmək daxildir.
Dehli Hindistanın ən böyük və ən qədim şəhərlərindəndir. Turistləri aparan avtobusda heç kim biletdə yazılan yerində oturmur. Pəncərələr açıq olur. Naməlum insanlar istədikləri vaxt avtobusun içinə girir, onlara lazım olan yerdə elə pəncərədəncə düşürlər. Turistlər sürücüyə şikayət etsələr də, o, əhəmiyyət vermir. Dehlidə görməli yerlər o qədər çoxdur ki... Lotos məbədi, Hindistan divarları, Cama məscidi, Jantar-Mantar astronomik rəsədxanası, Qırmızı Fort... bütün bunları gəzməyə üç-dörd gün kifayət etməz. Şəhərin mərkəzində turistlərin diqqətini cəlb etmək üçün müxtəlif şoular göstərilir: ilanla oynayanların, kəndirbazların şousunu heyrətlə izləyib, cadugərlərin taleyinlə bağlı dediklərini eşitmək gəzintinin ən maraqlı hissəsi olacaq. Qırmızı Fortu görəndə heyrətlənməmək mümkün deyil. Bura qırmızı mərmərdən və qumdan tikilib. İçərisi isə qızıl, gümüş və bahalı daşlarla bəzədilib. Gəzintinin sonunda Lotos məbədini görmək qalır. Məbədə ayaqqabı ilə girmək olmaz. Məbədin qəribə aurası var. Ölü kimi yorğun olsan da, bu məbəddən çıxanda özünü çox rahat və enerjili hiss edəcəksən.

Pələnglərin bağırtısı - Caypur

Qorxmaq lazım deyil. Caypurun adı qorxulu olsa da, pələnglər yalnız zooparkdadır. Qədim dövrlərdəki kimi burada pələngini çiyninə alıb, ona öldürdüyü insanın ətini yedizdirən Maharaca yoxdur. Caypuru «çəhrayı şəhər» adlandırırlar. Möhtəşəm görüntüsü olan şəhərdə bütün evlər çəhrayı qumla qarışdırılmış gildən tikilib. Bu ənənə illərdir qorunur və başqa rəngli daşdan ev tikməyə icazə verilmir. Caypurda əsl qaraçı magiyası var. Şəhər vəhşi heyvanların heykəlləri olan divarla əhatə olunub.

Arzuların reallaşdığı şəhər - Aqra

Bura insanlar arzularını reallaşdırmaq üçün gəlirlər. Deyilənə görə, Aqrada imperator Əkbərin qəbri üstündə dua edən sonsuzlara Allah övlad bəxş edir. Hamının görmək arzusunda olduğu məşhur Tac Mahal da bu şəhərdə yerləşir. Bura gələndə bir məsələni öyrənirsən. Tac Mahal ətrafında balaca uşaqlar əllərində aksesuarlar satırlar. Pul vermək istəsən, götürməzlər. Gərək nəsə alasan. Onları dilənçi hesab etsən, «No, I sell, you buy» deyib, gedirlər.

Cənnət diyar

Elit təbəqənin nümayəndələri yaşadığı Qoa Hindistanın cənnət diyarı sayılır. Burada səni fillər üstündə gəzinti və timsahlar zooparkına səyahət gözləyir. Gəzintinin ən maraqlı hissəsi Dudsaqar şəlaləsidir. Burada həm çimə, həm vəhşi cəngəllikləri görə, həm də keçirilən oyunlarda qalib olub, dəyərli hədiyyələr qazana bilərsən. Axşam saat 10-dan sonra küçədə orkestrin ifa etdiyi mahnılar bütün yorğunluğunu atmağa kömək edəcək.

«Yüz min ada» - Lakşadvip

Hindistana gedərkən turistlərə «Lakşadvip» adasına gəzinti təklif edirlər. Bunun üçün əlavə viza (20 dollara) almalısan. Gəzinti zamanı yolüstü yüz min adadan biri olan Aqattiyə də baş çəkirsən. Bura «Cəngəlliklər kitabı» deyilir. Aqattidə dünyanın heç bir yerində görməyəcəyin vəhşi heyvanlar, nəhəng həşəratlar, ən bahalı zoomağazalarda belə rast gəlmədiyin rəngli balıqlar, ekzotik bitkilər görəcəksən. Suyu büllur kimi təmizdir. Adada insan azdır. Bu gəzinti «meşəyə insan gəlib» cizgi filmini xatırladır. Adamlar turistləri görəndə qaçırlar.
Vəhşi filləri, köpək balıqlarını, meymunları, maralları, ekzotik heyvanları görmək istəyirsənsə, Keralla ştatındakı Periyar qoruğuna getmək məsləhətdir. Əhali sivilizasiyadan kənar yaşayır. Burada efir yağları ilə edilən masaja isə dünyanın heç bir yerində rast gəlməyəcəksən.

Mətbəx

Hindistan mətbəxi ərəb yeməklərinə yaxındır. Yeməklər çox istiotlu olur. Buna görə də yeməkdən sonra ağzındakı yanğını söndürmək üçün bütün masalara anis yarpağı qoyulur. Hindistan mətbəxində üç dad birləşir - şirin, turş və acı. Bütün yeməklərin tərkibində darçın olur. Amma bu ənənəvi darçından çox fərqlənir. Onun tərkibinə yüz cür ədviyyat qatılır. Hindistanda əhalinin əksəriyyəti vegeteriandır. Ən dadlı və bahalı xörəklər qoyun və keçi ətindən hazırlanır. Hindistan əhalisi balıq və xərçəngi xoşlamır. Amma buna baxmayaraq, restoranların menyusunda onlara rast gəlmək olur. Küçədə çirkli masaların üstündə hazırlanan yemək belə iştaha açır. Yeməklərə o qədər ətirli ədviyyat vururlar ki, qoxusu adamı heyran edir. Bu qədər istiot və ədviyyat vurmalarına baxmayaraq, yeməklər heç vaxt mədəyə ağırlıq etmir.

Alış-veriş

Ən çox alış-veriş Qoa ərazisindədir. Burada bütün satıcılar rus dilində bilir. Onlarla söhbət edib, aldığın malın qiymətini aşağı endirə bilərsən. Bütün suvenirlər əl işləridir. Balıqqulaqlarından düzəldilən suvenirlərə heyran qalacaqsınız. Hindistanda geyim üçün gözəl sarilərdən başqa heç nə yoxdur. Aqra ən böyük bazarları olan bölgədir. Burada dəridən, dəyərli daşlardan düzəldilən aksesuarlar, dünyanın heç bir yerində dadmayacağın şirniyyatlar tapacaqsan.

Qaydalar

Hindistanda kiməsə nəsə verəndə və alanda sağ əldən istifadə edilməlidir. Yeməyi də mütləq sağ əlinlə yeməlisən. Gigiyenik qaydalara mütləq riayət etməlisən. Dişlərini qaynanmış suyla fırçalamalısan. İçmək üçün ancaq qazlı sudan istifadə etməlisən. Meyvələri yeməzdən əvvəl mütləq isti su ilə yumalısan. Hətta özünlə spirt götürüb, restoranda oturanda çəngəl-qaşığı və boşqabı silməlisən.
Hansısa bir məbəddə şəkil çəkdirmək arzusundasansa, mütləq oranın nəzarətçisindən icazə almalısan. Küçələrdə valyutadəyişmə mərkəzləri yoxdur. Bunun üçün banka getməli, blanklar doldurmalı, sertifikat almalısan. Sürünən heyvan dərisindən düzəldilən əşyalar, külçə qızıl-gümüş və antik əşyaları ölkədən çıxartmaq qadağandır.

Mehparə