Son illər o, HƏYAT səhnəsində ÖLÜMÜ məşq edirdi. Bu dəfə premyera olmadı, Siyavuş Aslan bütün sənətsevərləri “VİDA” monotamaşasına dəvət etdi...
   
   ...27 iyun səhəri. İndi bu tarix də Siyavuş Aslanın bioqrafiyasında AYRILIQ günü kimi xatırlanacaq... Yaxşı ki, xatirələr var və hər kəs əmin ola bilər ki, Siyavuş Aslanla bağlı xatirələr həmişə DİRİ qalacaq...
   Teatrımızın sonuncu nəhəng mogikanı - Xalq artisti Siyavuş Aslanla 70 illik yubileyində, 75 yaşın tamamında və keçən ad günü ərəfəsində görüşmüşəm. Fərqli illərdə və fərqli tarixlərdə görüşsək də, hər dəfə onun böyük şəxsiyyəti qarşısında heyrətlənmişəm, sənəti ilə şəxsiyyəti bir-birini tamamlayan əfsanəvi aktyoru bir az da artıq sevmişəm. Son görüşümüzdə yaddaşı, xatirələri uzaq sahillərdə qalan aktyorla bir də 80 illik yubileyi ərəfəsində görüşməyi Allahdan arzu etdik və deyəsən, bu arzuya heç birimiz inanmamışdıq...
   
   * * *
   ... 3 sentyabr 2012-ci il. İki gündən sonra əfsanəvi aktyorun 77 yaşı tamam olacaqdı. Bu dəfə səhnəmizin əvəzolunmaz sənətkarı ilə evində görüşürük. Məkan da dəyişib, zaman da, müsahibim də... Gəlişimizə sevinir, nurani çöhrəsi işıqlanır. Hə, illər öz işini görsə də, Siyavuş müəllim yaxşı görünür. Bunu özünə də deyirəm. Oğlu Çingizi göstərib “Məni yaxşı saxlayan odur” - deyir.
   Söhbətə başlayıram. Suallara diqqətlə qulaq assa da, cavablar ləngiyir. Həyat onu əvvəl sevdiyi insandan, sonra səhnədən, indi də yaddaşından uzaqlaşdırıb. Ömrünün sahilində oturub yaşadıqlarını xatırlamağa çalışır. Soruşuram ki, ən çox kim üçün darıxırsınız? Cavabı gözlənilməz olur: “Camaat üçün”. Kövrəlir. Xatirələrini qanatmaq istəmirəm...
   Yarım əsrdən artıq sənətdə olan Siyavuş Aslan, görəsən, arzularını gerçəkləşdirə bildimi?
   “Haradasa hə, haradasa yox. Sənət aləmində əsl sənətkar olmaq üçün kəşməkəşli yollardan keçməlisən. O yollarda çətinliklər də, dözülməz vəziyyətlər də olur, xoş, sevincli günlər də. Əlbəttə, uzun bir yoldur. Kim bütün çətinliklərə dözürsə, sənətkar olur. Mən də buna nail olmuşam” - cavabını vermişdi.
   Səhnə isə onun üçün heç vaxt müqəddəsliyini itirmədi: ”Necə ki, məscidə səcdə etməyə gedərsən, teatr da elə bir yerdir. Orada başqalarının taleyini oynamaq, başqalarının taleyini yaratmaq əsl sənətkarlara nəsib olub. Mənim üçün səhnə həmişə ən əziz yer olub, olacaq da. Həmişə! Çünki mən bu sənətə uşaqlıqdan bağlı olmuşam, gənc vaxtımdan rəhmətlik Ağadadaş Qurbanovun - biz ona Mirzəqədeş deyərdik - tələbəsi olmuşam, ondan sənətin ilk sirlərini öyrənmişəm. Səhnə həmişə mənim üçün böyük məbədgah olub. Gərək bu səhnənin, sənətin dəlisi olasan”.
   İlk addımlarını Musiqili Komediya Teatrında atan sənətkar ordan ayrılma səbəbini belə izah edirdi: “Allahı sevən adamam. Həmişə də istəmişəm ki, sənətlə bağlı xalqıma, tamaşaçılarıma yeni bir söz deyim. Amma Musiqili Komediya Teatrında bu alınmırdı. Alınmırdı ona görə ki, bu teatrın tavanı vardı. Bu tavandan yuxarı qalxmaq olmurdu. Həmişə sənətdə özümü göstərmək istəmişəm. Rəhmətlik Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova söhbət edəndə eşitmişdim ki, Dram Teatrı böyük sənət ocağıdır. Bu teatrda hər bir sənətkar püxtələşib, hərtərəfli, böyük sənətkar ola bilər. Çünki orada klassiklərimizin əsərlərini oynamaq olur. Azərbaycan Milli Dram Teatrının tavanı o qədər hündürdür ki, qalxıb göylərə ucala bilərsən. Onu nəzərə alaraq mən komediya teatrından getdim və istədiyimə də nail oldum”.
   ”Hansı rolunuzu dəfələrlə oynasanız yorulmazsınız?” - sualıma “Vallah, mən çox rollar oynamışam, bütün rolları sevirəm, hamısı ləzzət verir, amma bu ləzzətin içində tam bir ləzzətlisi var. Elçinin “Mənim ağıllı dəlim” əsərində oynadığım idarə rəhbəri rolu. O əsəri çox sevirəm və o rolu nə qədər oynasam da, doymaram” - cavabını vermişdi.
   Böyük sənətkarın sənətdə kumiri Lütfəli Abdullayev olmuşdu. O, öz kumirini ən xoş xatirələrlə yad edirdi: “Lütfəli Abdullayev səhnəyə çıxanda bütün salon ayağa qalxırdı. O, böyük sənətkar, çox böyük ürək sahibi idi. Bizim sənət aləmində elə bir adam yox idi ki, o vaxt çörəyin qıt vaxtında, pulun olmayan vaxtında Lütfəli ona kömək eləməsin. Musiqili Komediya Teatrında mənə kömək eləyən də Lütfəli olub. Özünü vururdu xəstəliyə ki, mənim yerimə Siyavuş oynasın. Sənətə yenicə gəlmiş gənc bir aktyor o boyda sənətkara dublyorluq edirdi. Elə bil o dövrdə aktyorlar quş südü içmişdilər, ürəkləri böyük idi”.
   Üç böyük sənətkarın - Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Siyavuş Aslanın birgə sənət əsəri olan “Hicran” tamaşası barədə belə deyirdi: “O yaxşı bir xatirədir. Necə ki, yaşlı nəsillərdən bizə yaxşı xatirə qalıb, “Hicran” tamaşası da bizim nəsildən qalan yadigardır”.
   
   * * *
   Təkrarçılığı sevməyən aktyor xoşbəxt anlarını tutuya kimi yaddaşında, qəlbində qoruyub saxlayırdı: “Sənətə gələn gündən özümü xoşbəxt saymışam. Heç vaxt heç nədən narazı olmamışam. Ona görə də həmişə taleyimdən razı qalmışam. Bircə ailədə... Görünür, qismət belə imiş. Çox çalışdım ki, xoşbəxtliyimizi qoruyub saxlayaq. Qismət... o vaxt teatrda bir yerdə işləyirdik. Orada bir-birimizi sevmişik, anası qızı verməyib, götürüb qaçmışam. Sevmişik, istəmişik, evlənmişik. Amma axıracan bu xoşbəxtliyi qoruyub saxlaya bilmədik. Həyatımda bir qadını sevmişəm, o da həyat yoldaşım Ofeliya olub...”
   İllər keçdi, Siyavuş Aslan yaşadıqlarını, yaddaşını unutdu, amma sənətə və Ofeliyaya olan məhəbbətini heç vaxt unutmadı...
   
   * * *
   Bilmirəm, Siyavuş Aslan həyatının bir parçası olan Doğma TEATRInı sonuncu dəfə nə vaxt ziyarət edib. Ömrü boyu səhnəyə alqışlarla gəlib, alqışlara da gedən sənətkar iyunun 27-də TEATRA gəldi, güllər, alqışlar və göz yaşları ilə alqışlandı və TEATR adlı məbəddən son mənzilə yola salındı.
   Mənsə onun bir vaxtlar dediyi sözləri xatırlayıram: “İnsan yaşa dolduqca uzaq bir səfərə hazırlaşır. İllər keçdikcə o səfərin yolu yaxınlaşır. Deyirlər ki, insan ölüb gedəndən sonra yenə dünyaya qayıdır. Əgər nə vaxtsa mənim kimi, mənim səpkidə bir aktyor görsələr, demək, o elə mənəm, gəlmişəm...”
   Görəsən, bir də Azərbaycan səhnəsinə Siyavuş biçimdə, Siyavuş yerişdə, Siyavuş istedadında, Siyavuş sevgisində bir sənət FƏDAİsi gələcəkmi?
   
   Təranə Vahid