Azərbaycan
   
   25 iyun 1907 - Xalq artisti, tanınmış aktrisa Sona Salman qızı Hacıyeva (1907 - 24.12.1979) Şəkidə doğulub. Səhnə fəaliyyətinə 1920-ci ildə Bakıda Əli Bayramov klubu nəzdindəki dram dərnəyində başlayıb, 1923-cü ildən ömrünün sonunadək Akademik Dram Teatrının aktrisası olub. «Bəxtiyar», “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, "Səhər" filmlərində çəkilib.
   25 iyun 1930 - Şair Şərif Yusif oğlu Tahirli Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Kitabları: “Babam yaxşı kişi olubdu”, “Ürəyimin güzgüsü” və s.
   25 iyun 1940 - Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) anadan olub.
   25 iyun 2002 - "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.
   
   26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski nazir müavini, Süleyman Sülkeviç Baş Qərargah rəisi təyin edildilər. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.
   26 iyun 1915 - Rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 - 14.3.1974) anadan olub. Uzun müddət Akademik Dram Teatrında çalışıb.
   26 iyun 1929 - Tanınmış həkim, yazıçı-publisist, Əməkdar elm xadimi, professor Nurəddin Məmmədbağır oğlu Rzayev (1929-2011) Gədəbəy rayonunda doğulub. Tibb sahəsi ilə yanaşı, türkologiya, ədəbiyyat, tarixə dair kitab və məqalələrin müəllifidir.
   26 iyun 1949 - Rejissor, Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda doğulub. Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1975-1977-ci illərdə Qroznıda (Çeçenistan) M.Lermontov adına Dövlət Rus Dram Teatrında çalışıb. 1977-1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru olub. 1981-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
   26 iyun 1985 - Əməkdar artist, aktrisa Süsən Hacı Aslan qızı Məcidova (1916-1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmləri: “Telefonçu qız” (Səlminaz), “Bir cənub şəhərində” (Mənsurə), “Bizim Cəbiş müəllim” (Makedonun anası), “Tənha narın nağılı” (Bəyxanım), “Həyat bizi sınayır” (Sadığın arvadı).
   
   27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.
   27 iyun 1924 - Xalq artisti, məşhur aktyor Məlik Yusif oğlu Dadaşov (1924 - 3.12. 1996) anadan olub. 1950-ci ildən Akademik Milli Dram Teatrında işləyib. Teatr səhnəsində (“Otello” - Yaqo, “Maqbet” - Maqbet), televiziya tamaşalarında (“Atayevlər ailəsi”ndə Atayev) yaddaqalan rollar oynayıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib. Kinoda zəngin obrazlar qalereyası yaradıb: “Dəli Kür” - Molla Sadıq, “İyirmialtılar” - Əzizbəyov, “Birisi gün gecə yarısı” - Nəriman Nərimanov, “Axırıncı aşırım” - Qəmlo, “O dünyadan salam” - Şeyx Nəsrullah, “Fəryad” - Aram Xaçaturyan və s.
   
   Dünya
   
   25 iyun 1709 - İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.
   25 iyun 1903 - Məşhur ingilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair, 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.
   25 iyun 1963 - Yunan əsilli məşhur ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael, əsl adı Georgios Kyriakos Panayiotou) anadan olub.
   25 iyun 2009 - Dünya şöhrətli müğənni, pop musiqisinin ulduzu Maykl Cekson (Michael Jackson; 29.8.1958 - 2009) vəfat edib.
   
   26 iyun 1763 - İngilis rəssamı Corc Morland (George Morland; 1763-1804) anadan olub.
   26 iyun 1892 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1938) laureatı Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.
   26 iyun 1927 - Tanınmış rejissor, Rusiyanın Xalq artisti Vladimir Motıl (1927-2010) anadan olub. “Səhranın bəyaz günəşi”, “Sayrışan xoşbəxtlik ulduzu” və s. filmləri çəkib.
   
   27 iyun 1940 - Aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları” (Robin Qud), “Qırmızı çadır”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.
   27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.
   27 iyun 1955 - Fransız aktrisası İzabel Adjani (Isabelle Yasmine Adjani) anadan olub. Filmləri: “Adeliya Hüqonun əhvalatı”, “Bronte bacıları”, “Kraliça Marqo” və s.
   
   Hazırladı: Vüqar Orxan