Gənc Tamaşaçılar Teatrında maraqlı, əyləncəli, hədiyyə və sürprizli Yeni il tamaşası hazırlanır. Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Madaqaskar” tamaşasında qəhrəmanlar ekrandan səhnəyə gəlməklə, maraqlı rejissor yozumu və süjet xətti, rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə balacaların qış tətilinə gözəl hədiyyə olacaq. Uşaqların sevimli obrazlarını Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Ramil Məmmədov, Vahid Orucoğlu, Bəhram Həsənov, Zaur Əliyev və başqaları canlandıracaq.
Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabrın 25-dən yanvarın 4-dək hər gün saat 12.00 və 14.00-da nümayiş etdiriləcək. Şənliyə gələnləri Şaxta baba və Qar qız qarşılayacaq və teatrın Yeni il bayramı üçün bəzədilmiş yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış proqrama dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Madaqaskar”ı izləyəcəklər.