Dekabrın 13-də Azərbaycan Dövlət Yuğ Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanmış “Fəna” tamaşasının premyerası keçiriləcək. Birnəfəslik mərifət oyunu kimi təqdim olunan “Fəna”nın quruluşçu rejissoru Mir Sahib, quruluşçu rəssamı Rəşid Şərif (Əməkdar rəssam), musiqi tərtibatçıları Amid Qasımov və İffət Əsgərovdur.
Əsas qəhrəmanları Qasım Nağı (Kişi), Natəvan Qeybani (Qadın), Oktay Mehdiyev (Dost) və Novruz Novruzlu (Fikrət) ifa edir. Səhnə əsərində Mərcan Dədənin musiqilərindən istifadə olunub.
Tamaşada ideya olaraq “Özünə gəlmək”, “Özünəqayıdış” düşüncəsi və halı əzəldən insan təfəkküründə və ruhunda mövcud olması əsas götürülməklə özünü-özlüyünü itirmiş üç nəfər, öz fitrətlərini insan surətində görüb, onun dəvəti ilə özlərinə qayıdırlar.
Müəllifin fikrincə, insan bütöv bir Həqiqətin zərrəsidir. Bəşər övladı yarandığı gündən Həqiqətə qayıdış yolunda vasitəçi olan təmiz fitrətə ya müdaxilə edir, ya da müdaxilə təhlükəsi ilə yaşayır ki, nəticədə Fəna (qovuşma, həllolma, Həqiqətdə yoxolma) məqamına yüksəlsin.