Minarə Quliyeva gənc, istedadlı soydaşlarımızdandır. Türkiyənin Hacettepe Universitetində türk xalq bilimi fakültəsində doktoranturada oxuyur, geyim folklorunu araşdırır. Bu bacarıqlı xanım həm də UNESCO-nun nəzdində fəaliyyət göstərən Dünya Xalq Yaradıcılığı Təşkilatında (DXYT) gənclərin tədqiqat və təcrübə işləri üzrə vitse-prezidentdir.

O, 1985-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Tələbəlik illərində A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində çalışıb, burada fəaliyyət göstərən rəsm dərnəyində rəssamlıq bacarığını təkmilləşdirib. Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) modelyer-rəssam fakültəsinə qəbul olunur. Təhsil illərində müxtəlif sərgilərə qatılır, yaratdığı geyim kolleksiyalarını nümayiş etdirir. Bunların içərisində ən yaddaqalanı ikinci kursda oxuyarkən Bakıda keçirilən geyim yarışmasında “Karnaval gecəsinin qalibi” mükafatına layiq görülməsidir.
Bu uğurdan sonra o, DXYT-nin ABŞ-da keçirilən gənclərin I beynəlxalq qurultayına dəvət alır, orada elmi məruzə ilə çıxış edir, həmçinin geyim kolleksiyasını da sərgiləyir.
Türkiyə Minarə xanımın həyatında növbəti mərhələni təşkil edir. Bu haqda o, belə deyir: “ADRA-da təhsilimin son illərində xaricdə oxumaqla bağlı araşdırma aparırdım. Məzun olduqdan bir ay sonra keramika üzrə rəssam, rəfiqəm Ləman Muradova Türkiyəyə imtahana getmişdi. O, mənə zəng edib dedi ki, İzmirdə modelyer-rəssam fakültəsinə bir nəfər xarici tələbə üçün yer ayrılıb və tezliklə imtahan başlayır. Beləcə risk edib Bakıdan İzmirə imtahana getdim və münsiflərin seçimi ilə universitetə qəbul olundum”.
Filologiya və modelyer-rəssam ixtisası üzrə aldığı bilikləri bir araya gətirmək üçün türk xalq bilimi ixtisasını seçib: “Ona görə ki, geyim haqqında nəzəri bilgilərin araşdırılması da mənim üçün önəmlidir. Doktoranturada türk xalqlarının geyimini araşdırarkən Azərbaycan geyim folklorunun da önəmli sahə olduğunu anladım. Türksoylu millətlərin geyim folklorunun bir-birinə bağlı olduğunu yazılı və şifahi xalq ədəbiyyatında araşdırdım. Hazırda elmi axtarışlarımı davam etdirirəm. Xalqımızın geyim folklorunu araşdırmaq, təsviri sənətə tətbiq etmək, bu barədə bilgiləri paylaşmaq böyük önəm daşıyır”.
Soydaşımız Türkiyədə çoxlu sərgilərə qatılıb. 28 May - Respublika Günü münasibətilə İzmirdə keçirilən konfransda təqdim etdiyi geyim kolleksiyası yaddaqalan nümayişlərdən biri olub. Finalda Azərbaycan və Türkiyə bayraqlarından ibarət geyimin təqdimatı alqışla qarşılanıb.
Qeyd etdiyimiz kimi, Minarə xanım UNESCO-nun nəzdindəki DXYT-də gənclərin tədqiqat və təcrübə işləri üzrə vitse-prezidentdir. Bu işi haqqında belə deyir: “Bu təşkilata gəlməyimin səbəbkarı ölkəmizi xaricdə yüksək səviyyədə təbliğ edən Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovdur. 2008-ci ildə ABŞ-ın Yuta ştatında, 2010-cu ildə Çinin Nanjinq şəhərində, 2012-ci ildə Buryatiyanın Ulan-Ude şəhərində, 2014-cü ildə Malaziyanın Saravak əyalətində keçirilən DXYT-nin qurultaylarında Azərbaycan heyəti ilə bərabər iştirak etmişəm. 2015-ci ilin avqustunda Braziliyanın Novo Petropolis şəhərində keçirilən DXYT-nin IV gənclər qurultayında vitse-prezident seçildim. T.Əmiraslanov adıçəkilən təşkilatda Ənənəvi Qida Komitəsinin sədri kimi uzun illərdir fəaliyyət göstərir. Biz təşkilatın konfranslarında elmi məruzələr etməklə yanaşı, milli mətbəximizi, musiqimizi, rəqslərimizi, geyimlərimizi və sənət sahələrimizi tanıdırıq”.
Hazırda Minarə xanım və həyat yoldaşı Türkiyədə doktorantura təhsillərini davam etdirirlər. Deyir ki, vaxtı gəldiyində bilik və təcrübələrini ölkəmizdə tətbiq edəcəklər: “Təhsil qarşımızdakı hədəfləri formalaşdırmanın açarıdır və uğurlu karyera qurmağın yolu da bundan keçir. Burada ölkəmizi layiqincə təmsil etməyə çalışırıq və təhsilimizi bitirdikdən sonra Vətənə dönəcəyik”.

S.Soltanlı