Ötən yüzillikdə fars poeziyasında özünəməxsus yaradıcılıq üslubu ilə diqqətçəkən şair Söhrab Sipehri klassik ənənələrdən daha çox modern dünyabaxışına sahib olub. O, eyni zamanda mahir fırça ustası kimi də şöhrət qazanıb.

Söhrab Sipehri 1928-ci ildə İranın Kaşan şəhərində sənətkar ailəsində dünyaya göz açıb. Atası poçt və teleqraf idarəsində işləsə də, əslində sazbəndliklə məşğul idi, həm də gözəl xəttat kimi tanınırdı. Bu da Söhrabda sənətə hədsiz maraq yaradır. Məsihağa Məhəmmədinin araşdırmasında qeyd olunur ki, orta məktəb illərindən rəssamlığa böyük həvəs göstərib. Erkən çağlardan şeir yazmağa başlayıb.
Orta təhsilini başa vurduqdan sonra iki il Tehranda texnikumda təhsil alır. Sonra Kaşana qayıdır, beş il burada müəllim işləyir. 1948-ci ildə Tehran Universitetinin incəsənət fakültəsinə qəbul olunur və rəssamlığı həmişəlik özünə peşə seçir. Ancaq ədəbi yaradıcılığını da davam etdirir. 1951-ci ildə “Rəngin ölümü” adlı ilk şeirlər kitabı çap olunur. 1953-cü ildə “Yuxuların həyatı” adlı ikinci kitabı işıq üzü görür. 1955-ci ildə “Süxən” dərgisində yapon şeirindən tərcümələri dərc edilir.
Universiteti bitirdikdən sonra S.Sipehri daha çox dövlət idarələrində çalışır. Bir müddət sonra Fransa, Britaniya və İtaliyaya səfər edir. 1960-cı ildə Yaponiyaya gedir və orada ağac üzərində həkkaklıq sənətini öyrənir. Geri dönərkən yolunu çox sevdiyi Hindistandan salır.
Tehrana qayıtdıqdan sonra “Günəşin qəlpələri” və “Kədərin şərqi” adlı kitablarını oxuculara təqdim edir. Artıq istedadlı şair və gözəl rəssam kimi tanınan S.Sipehri 1961-ci ildə ilk fərdi sərgisini təşkil edir. Daha sonra əsərlərini Fransa, ABŞ, Braziliya və İsveçrədə fərdi və kollektiv sərgilərdə nümayiş etdirir. 1962-ci ildə özünü yaradıcılığa həsr edərək dövlət işlərindən birdəfəlik uzaqlaşır.
“Arəş” rüblük dərgisində şairin “Suyun ayaq səsi” və “Yolçu” poemaları dərc olunur. Poemalar haqqında o dövrün mətbuat səhifələrində geniş müzakirələr dərc olunur. Bildirilir ki, şair bu əsərlərində hər hansı bir məkan və fərddən deyil, ancaq insan və həyatdan danışır. Müəllifin 1968-ci ildə “Yaşıl həcm” adlı daha bir kitabı işıq üzü görür. Kitabda şairin poetik istedadı bütün miqyası ilə nümayiş olunur. O, bu əsəri ilə müasir fars şeirinin beş aparıcı simasından biri olduğunu təsdiq edir.
Buna baxmayaraq, şairin poetik dili tənqidlərə məruz qalır. Yaradıcılığının bədii-fəlsəfi mahiyyətinə müxtəlif cür yanaşılır. O, sürrealist, buddist, sufi adlandırılır. Onun “Nilufər” və “Bodhi” kimi şeirlərində buddizmə maraq çox aydın təzahür edir. Şairin fransız sürrealist poeziyasına vurğunluğu və şeirlərində yuxu ilə gerçəkliyin qarışdırılması, irrasionallığa meyli əsas iradlar arasında idi.
S.Sipehrinin həyata baxışı, düşüncəsi, cəmiyyətə münasibəti “Suyun ayaq səsi” poemasında parlaqlığı ilə özünü göstərir. Əsərdə şair insanları yeni baxışa yiyələnməyə çağırır: “Gözləri yummaq gərək, başqa cür görmək gərək”. Şairin düşüncəsinə görə, insanlar geriyə baxmadan yaşamalıdır. Eyni zamanda ənənə yükündən, hər cür stereotiplərdən, hətta sözlərin şüurda doğurduğu ənənəvi obrazlardan xilas olmalıdır. Müasir cəmiyyətdə əriməyi, təbiətə qərq olmağı-təmasa girməyi bacarmalıdırlar.
Şairin “Biz heçik, biz - baxış” adlı daha bir kitabı 1977-ci ildə çap olunur. Yaradıcılığının ən coşqun çağlarında gözlənilmədən ruhdan düşür, yazmaq-yaratmaq həvəsi tamam azalır. Zənn edir ki, ömrünün sonu çatıb. Ona görə də altı toplusunu, iki poemasını və o vaxtadək dərc edilməmiş şeirlərini bir yerə toplayır. “Səkkiz kitab” adlı külliyyatını nəşr etdirir.
Bir müddət sonra şairin qan xərçənginə tutulduğu məlum olur. Xəstəliyi ilə əlaqədar 1979-cu ildə Londona gedir. 1980-ci ilin martında Tehrana qayıdır, aprelin 21-də dünyasını dəyişir. Kaşan şəhərinin yaxınlığındakı Ərdəhal kənd qəbiristanlığında dəfn olunur.

Savalan Fərəcov