2016-cı il mədəniyyət, incəsənət, ədəbiyyat təqvimində yaddaqalan hadisələr, yubileylərlə yanaşı, bu sahələrin bir sıra tanınmış insanlarının həyat və sənət yolunun son dayanacağı oldu. Qəzetimizin builki son sayında onları yada salaq. 2016-da kimlər qaldı?
   
   Yanvarın 9-da Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub (1950) dünyasını dəyişdi.
   Yanvarın 29-da bəstəkar, Xalq artisti Musa Mirzəyev (1933) ömür yolunu başa vurdu. 
   15 fevralda filologiya elmləri doktoru, yazıçı-publisist Gülrux Əlibəyli (1928) dünyadan köçdü.
   Fevralın 25-də müğənni, Xalq artisti İlhamə Quliyeva (1943) vəfat etdi.
   8 martın kinorejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyevin (1939) vəfat etdiyi gündür. “Qızıl uçurum”, “Yuxu” kimi filmlərin rejissoru son olaraq “Axırıncı dayanacaq” filmini çəkdi.
   Martın 22-də Xalq yazıçısı, dramaturq Maqsud İbrahimbəyov (1935) dünyasını dəyişdi. Yazıçı “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi, “Ən vacib müsahibə” filmlərinin ssenari müəllifidir.
   4 mayda Xalq şairi Söhrab Tahiri (1926) bu dünyaya vida etdi. 
   Noyabrın 16-da şair, Əməkdar mədəniyyət işçisi Fikrət Sadıq (1930) vəfat etdi.
   19 noyabrda Xalq artisti, dirijor, uzun illər Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri olmuş Nəriman Əzimov (1936) dünyasını dəyişdi.
   9 dekabrda teatr sənətinin qocaman nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Hüseyn Əhmədov (1928) vəfat etdi.
   11 dekabrda Əməkdar rəssam İsmayıl Məmmədov (1948) dünyasını dəyişdi.
   Dekabrın 22-də kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Muxtar Maniyev (1935) ömrünü başa vurdu.
   24 dekabrda Əməkdar rəssam Fərman Qulamov (1945) vəfat etdi.
   Dekabrın 25-də Xalq artisti, görkəmli xanəndə Ağaxan Abdullayev (1950) və tanınmış şair İlyas Tapdıq (1934) dünyasını dəyişdi.
   
   * * *
   2016-da ömür yolunu başa vuranlar arasında dünya mədəniyyətinin tanınmış nümayəndələri də var.
   Fevralın 20-də məşhur italyan yazıçı-mütəfəkkiri Umberto Eko (1932), 5 iyulda iranlı rejissor, Kann kinofestivalının “Qızıl palma budağı”na layiq görülmüş Abbas Kiarostami (1940), 16 sentyabrda Türkiyə kinosunun tanınmış aktyoru Tarık Akan (1949), 25 dekabrda yunan əsilli məşhur ingilis müğənnisi Corc Maykl (1963) vəfat etdi.
   
   Xatırladı: Vüqar Orxan