Tanpınarın izi ilə tarixi yerlərdə
   
   Yunus Əmrə İnstitutunun Bakı filialının keçirdiyi “Tanpınarı kəşf edirəm” esse yarışmasının qalibləri beş gün ərzində Türkiyənin beş şəhərinə - İstanbul, Yalova, Əskişəhər, Konya və Bursaya səfər edərək türk dünyasının nəhəng fikir, düşüncə, ruh adamı -romançı, hekayəçi, şair, tərcüməçi, ədəbiyyat tarixçisi, siyasətçi və Cümhuriyyət nəslinin ilk müəllimlərindən olan Əhməd Hamdi Tanpınarın izi ilə tarixi yerlərdə olublar. 
   Səfərdə esse yarışmasının qalibləri - yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, Bakı Dövlət Universitetinin professoru Yeganə Neymətulla, yazıçı-jurnalist Təranə Vahid, şair-jurnalist, AZƏRTAC-ın müxbiri Zərəngiz Mansurova, BDU-nun tələbəsi Lamiyə Qurbanlı, layihəni gerçəkləşdirən Yunus Əmrə İnstitutunun Bakı filialının müdiri İbrahim İldırım və Manera.az saytının baş redaktoru, esse yarışmasının kordinatoru Şəhla Aslan iştirak ediblər. 
   Səfərə İstanbuldan başlayan iştirakçılar “Yeni qapı”dan bərəylə Yalovaya keçərək bu məkanın görməli yerlərini, “Yürüyən köşk”ü, M.K.Atatürkün ömrünün son illərində istirahət etdiyi və bu gün muzey kimi fəaliyyət göstərən evi ziyarət ediblər. 
   Qonaqları Anadolunun elm və irfan yuvası sayılan Konyada Nəcməddin Ərbakan Universitetinin professoru Əli Berat Alptəkin, onun yetirməsi, universitetin sosial bölümlər üzrə müdiri Səlcuq Peker qarşılayıb. 
   Esse yarışmasının qalibləri Mövlanə Cəlaləddin Ruminin və Şəms Təbrizinin uyuduğu türbələri və eləcə də bu tarixi şəhərin görməli yerlərini ziyarət ediblər. 
   Səfər çərçivəsində Əskişəhər valisi Əzmi Çelik “Tanpınarın izi ilə...” səyahətə çıxan qrupla görüş keçirib, Azərbaycan-Türkiyə qardaşlığından söz açaraq qonaqlara xatirə hədiyyəsi bağışlayıb.
   Əskişəhərdə Türk Dünyası Vəqfinin başqanı Adnan Tekşenle yaddaqalan görüş keçirilib. Tanpınarın ilk tədqiqatçılarından olan Adnan Tekşen ədibin yaradıcılığını yüksək qiymətləndirib və türk ədəbiyyatında onun əvəzsiz xidmətləri olduğunu qeyd edib. 
   Səfər zamanı Bursa şəhər Osmanqazi bələdiyyəsində də unudulmaz görüş keçirilib. Bələdiyyənin sədri Mustafa Dündar, Mədəniyyət və sosial işlər müdiri Kenan Kır və onun müavini Mehmet Uzunla görüşlər olub. “Tanpınarı kəşf edirəm” esse yarışmasının qaliblərinə xatirə hədiyyələri təqdim olunub.
   Bursanın simvollarından biri olan Uludağa səfər edən qrup burada tarixin şahidi olan 612 yaşlı ulu çinarı ziyarət edib. 
   Beş şəhərə nağılvarı səyahət edən qrup Əskişəhərdə Anadolu, Konyada Səlcuq, Nəcməddin Ərbakan universitetlərini də ziyarət ediblər.
   Səfər boyu Yunus Əmrə İnstitutunun Bakı filialının müdiri İbrahim İldırım “Tanpınarı kəşf edirəm” esse yarışmasının qaliblərindən diqqət və qayğısını əsirgəməyib. 
   İştirakçılar Tanpınarın izi ilə onu bir daha kəşf etsələr də, son qənaətləri belə olub: böyük şəxsiyyətlər heç vaxt sonacan kəşf olunmur. Çünki onlar bütün zamanlarda vaxtdan ucada dayanır. Əhməd Hamdi Tanpınar kimi.