- Tak, tuk, tap...
   Əlimdən saldığım ağac əsa daş səkiyə çırpılıb bu üç səsi çıxartdı. Əslində o heç tam ağacdan deyil. Yarıya qədər hissəsi dəmir borucuqdur, borucuğa isə naxışlarla cilalanmış ağac bərkidilib.
   Çoxları əsanı tərifləyir, amma budur:
   - Tak, tuk, tap...
   Səkinin qırağındaca o yerə düşdü.
   - Lazım deyil - bərkdən, çənəm uzandıqca qışqırdım.
   Kimsə əsanı əlimə dürtürdü:
   - Necə lazım deyil, əsa sizindir, onu yerə saldığınızı gördüm və vicdanlı adam kimi özümə borc bildim ki...
   Səsindəki məmnunluq hissi “xeyirxahlıq edirəm” düşüncəsindən doğurdu.
   - Lazım deyil - bu dəfə asta səslə “xeyirxahımı” başa salmağa çalışdım.
   -Axı, o sizindir, sizə məxsusdur.
   Bu dəfə səsimi yenidən qaldırmalı oldum:
   - Bura baxın, məncə, sizin kostyumunuzda bircə qırış belə yoxdur, yolunuzu çox şəstlə gedirsiniz, son dəbli qalstukunuz öz yerində, köynəyinizin ağlığı isə...
   - Şlyapamı demədiniz, dünən almışam, arvadamdan isə narazı deyiləm, təkcə köynəyimin ağlığına görə yox. Amma bunun məsələyə nə dəxli, siz əsanızı götürün, buyurun o sizindir.
   - Ayağımın biri daş səkidə qalarkən, o birini asfalt yolun qırağına qoydum və əsa yenə əlimdən düşdü.
   -Tak, tuk, tap...
   * * *
   Çox gözəl və insana lazımlı əsadır. Nahaq yerə...Ehtiyatlı olun!
   Avtomobil təkərlərinin şosse yola sürtülüb çıxardığı səslər “xeyirxahım”ı eşitməz etdi.Sürətlə keçmək istədiyim yolda qarşılarındakını vurmamaq üçün avtomobillərin əyləci son anda basılır, maşınlar dayanır və onları arxadan gələn digərləri vurub əzirdi. Səkiyə çıxmağa məcbur olan bir neçə maşının siqnal səsinə piyadaların da həyəcanı əlavə olunurdu.Tıxaclaşmış yolda sürücü və sərnişinlərin mübahisə və səs-küyü altında yolu keçdim.
   - Vicdansız...korsan? Bu nədir, axı, yolu keçmək üçün qaydalar mövcuddur. Zəhmət çək, keçiddən istifadə et. Yoxsa...Böyük bir marşrut avtobusu sənə görə yolundan qaldı. Hər kəs harasa tələsir, sən isə, adamların, eləcə marşrutların da hərəkətini pozdun. Məsələn, mən professoram, onlarla tələbəm var...
   - Professora sarı dilləndim:
   - İmkan verin, tələbəniz professorunu bir saat gec görsün. Sizin kimi tələsməsin, heç olmasa bircə saatlıq. Harasa gecikməyi haqqında naqallıq etməsin, vaxtı dondursun və düşünsün. Məsələn, ölüm haqqında, harasa uçub getmək barədə. Siz onları hazır reseptlə nə qədər öyrədəcəksiniz? Bəlkə, düşünmək üçün də bircə saat vaxtları olsun.
   İçində boğulmuş səsi püskürdü:
   - Ələ salmayın, özü də bu nə hədələyici baxışdır, gözləriniz...Heç olmasa, işıqfora diqqət yetirəydiniz, adamlardan kömək istəyərdiniz...Mən bir vətəndaş kimi deyirəm.
   - Əl çəkin - sakit səslə bildirdim. Sizin üçrəngli işıqforunuz mənə lazım deyil. Bir rəngdə gözləyirik, bir rəngdə hazırlaşırıq, birində isə yol keçirik. İcazəli rənglərlə yol getməyə artıq nifrət edirəm.
   Bu vaxt əsanın əlimə dürtüldüyünü hiss etdim.
   - Mənə yol getməyim üçün heç əsa da lazım deyil - qışqırdım.Lazım deyil.
   - Bu onun əsasıdır - “xeyirxahım” professoru başa salırdı-mədəni adam olduğumu düşünüb yeraltı keçiddən keçərək ona çatdım ki, əsasını özünə verim. Məncə, biz hamımız belə etməliyik. Professor, sizin televiziyada hər çıxışınız məni valeh edir. Əgər bir dəfə də əsanın insana lazımlığı mövzusunda danışsanız, məncə, bu cəmiyyət üçün çox gərəkli olardı. Yoxsa bu adam kimi...
   ...Yerə atdığım əsa üç səs çıxararaq daş səkidə qaldı.
   * * *
   - Bu nə zarafatdır? Papağımı yerə atdın...
   Yaşlı adamın qışqırığı. Sürətlə gedərkən yellənən əllərimin işi idi. Sağ, yoxsa sol əlim?
   - Bağışlayın - dedim. İndi gedərkən əllərimə belə azadlıq vermişəm. Hansı tərəfimdə olduğunuzu görməyim mümkün deyil. Uzun illər əsa tutmağa öyrəşdirilmiş əllərim indi azaddır və ayaqlarım da onun kimi. Sizə mane olduğumu düşünmürəm. Əgər düz qarşımda olsaydınız, belə papağınız qarışıq əzib keçəcəkdim.
   - Tərbiyəsiz gənclik...Sərsəmləmə fəlsəfəsi...
   Onun səsindən uzaqlaşdım.
   - Oy! Oy! Saçlarım - qadın bağırdı.
   - O, bəlkə də, oğrudur, adamın çantasından pulu elə çırpışdırırlar ki, xəbərin olmur. Hərif əkilməmiş çantanı yoxla. Bəlkə, polis çağırım?
   - Oğru özünüzsünüz - ikinci qadına sarı söyləndim.Rəfiqənizin saçına bilməyərəkdən toxundum.
   - Necə, mənim kimi əlinin zəhməti ilə dolanan, günün on saatını işləyənə oğru deyirsən, oğruya sənin kimilər oxşayır.
   - Əlbəttə, sizə deyirəm.Siz də gününüzdən on saat oğurlayaraq əldə etdiyiniz pulu çantanıza qoyursunuz. Siz pul naminə hər gün mexaniki işlərlə məşğulsunuz. Bu, özü-özündən oğurluqdur. Bu pulları isə nəyə xərcləyirsiniz? Məsələn, ənlik-kirşanla yaşlandığınızı gizlətməyə. İlahi, bunun arxasında solğun gəncliyinizi gizlətmək üçün siz pul xərcləyirsiniz...Gəncliyinizin duyğular simfoniyası 10 saatlıq işlərlə ölüb getmiş...
   - Çantama qoyduğum pul yerindədir - birinci qadın, nəhayət ki, dilləndi.
   - Yolunmuş saçlarını qaydaya sal - ikinci qadının səsini dönüb gedərkən eşitdim.
   * * *
   Daha şəhərin səs-küyü eşidilmirdi, amma onun iyinə oxşar iy burnuma dolmaqdaydı.
   - Qardaş, bura keçib harasa gedəcəyin yol deyil.
   - Kimsən? - deyə, soruşdum.
   - Mənəm, zibillik işçisi, burada eşələnən, buradan dolanan zibilliklər kralı.
   -Başa düşdüm, kral, mən məhz buradan keçib gedəcəyəm.
   -Çətin məsələdir, şəhərin bütün zibilliyi bura atılıb. Zibillər o qədər çoxdur ki, lay-lay təbəqələr yaranıb. Cəmiyyətdə təbəqələr olduğu kimi burada da belədir. Antik dövrün zibillikləri, intibah zibilləri, kosmik tədqiqatların zibilləri. Mən özüm eşələnirəm, çünki burda eşələnmək elə həyatın özündə eşələnməkdir.
   -Tədqiqatla özün məşğul ol, mən keçib gedəcəyəm.
   Bu vaxt toxunduğum bir zibil qutusu aşaraq səs-küy qopardı.
   - Xəbərdarlıq etmişdim axı - kralın hökmlü səsi gurladı-siçovulları, süləngiz itləri, bir sözlə, təbəələrimi narahat etməyin.
   Çəlləkdən aşıb-tökülən zibil qalağı üfunət iyini daha da tündləşdirdiyindən əllərimlə burnumu qapadım. Bura yığışmış siçovullar qaçışır, kirli itlər mırıldayır, kralın hökmü zibillik boyu yayılırdı.
   - Səltənətimi pis günə qoymayın, baxın general poqonunun bir tayı, gənc Verterin iztirablı gündəliyi, ailə şəkilləri, görün necə gülümsəyirlər, oho! Qədim yunan fəlsəfəsi antalogiyası...Xahiş edirəm tapdalamayın.
   - Qədim yunan fəlsəfəsi bir şeyə yarasaydı, müasir fəlsəfə nəyə gərək olardı?
   - Bilmirəm - səmimiyyətlə cavab verdi. Bildiyim odur ki, buradan tapdıqlarımı yenidən şəhərə qaytarmalıyam. Deyəsən, təəccüblənirsiniz...Bilirsiniz, şəhər və zibillik əslində qardaşdır. Urbanizasiya termini də əslində bu birliyin bir adıdır. Tarixə şəhərlər düşür, kəndlər yox. Çünki mənim sayəmdə zibillikdəki incilər zaman-zaman şəhərə qayıdır, şəhərdə isə yeni zibillərlə zənginləşmiş formada bura gətirilir. Pul dövriyyəsi kimi bir əməliyyat. Dövr etdikcə zənginləşmə...Gələcək nəsillər də bununla böyüyür.
   - Doğrudan?
   - Əlbəttə - kral əminliklə söylədi. Bəs mən sizə niyə deyirəm ki, ehtiyatlı olun çəlləkləri aşırmayın...Dünyanı xilas və xilas etməmək barədə, dərketmə və ölüm, azadlıq xülyaları haqqında hər şeyi burada muzey əşyası kimi qoruyuruq. Sadaladıqlarımı üst-üstə qalaqlayıb ən yaxşı çəlləkdə saxlayıram. Əslində bu çəllək 100 illik ingilis-fransız müharibəsində ortalıqda qaldığından elə 100 yerdən çapılıb, antikvardır. Ehtiyatlı olun, bu çəlləyi məhv etsəniz, bir çox hazır hissləri insanlara qaytara bilmərik. Orada isə Dalinin “Fövqəlinsan”ı və “Mona Liza” saxlanılır. Elə buradan da sərgiyə göndərilir. Bəzən deyirlər ki, hansısa rəssamın naməlum əsəri tapılıb.
   - Yəqin ki, onu siz tapırsınız?
   - Təvazökarlıq etməyəcəyəm - kral lovğalıqla bildirdi.Davam edək. Müharibələrə nifrət aşılayan o balaca rəssamın işinə isə baxmayın. Nə etmək olar, uşaqları aldatmaq lazım gəlir. Yoxsa səs-küyləri ilə adamın istirahətini pozurlar. Hə, yeri gəlmişkən, o rəssam elə müharibədə zabit kimi həlak olub. Hə, dini rituallarla aranız necədir? Bəri başdan deyim ki, zibilliklər insan illüziyalarının güzgüsüdür. Güzgü isə aldadıcıdır.
   - Bir qədər fikirə gedib əlavə etdi:
   - Səltənətimdə çoxdandır ki, adam görmürdüm, tənhalıqdan Allaha tapınmışam. Soruşma, növbə ilə inanılmışların hamısına müraciət etmişəm. Yox, fikirləşmə ki, ona yalnız Allah evində müraciət etmək olar. Bu böyüklükdə dünyanı yaradanı balaca evlərə sığışdırmaq olmaz. Deyirəm, bəlkə, sığışdırdıqlarına görə insanlar tənha və gücsüz qalıblar? Nə isə, bu məndə tənhalıqdan yaranan fikirlərdir.
   - Birdən-birə onu gülmək tutdu.
   - Heç inanmazsan ki, sənin tək yolunu azmışlardan da burada əlamətlər var, anbarın içində, divarın sonluğunda. Dayanın....hara?
   - Sonluqdan o biri tərəfə - deyə mən də onun kimi qışqırdım və səslərimizin əks-sədaları üz-üzə qaldı.
   - Zibillikləri bir-birinə vurma...dayan.
   - Dayanmayacam....
   - Ehtiyatlı ol, o çəlləyə toxunma, qoy Sokrat orada qalsın...Dayan...
   - ...mıram
   - Belə getsə, sivilizasiyamızı məhv edəcəksən. Absurdizm ağıl üçün deyil...
   - Nə bilirsən?
   - Bunu mən yox, Borxes deyib, siz isə onun kitabını yararsız hala saldınız. Dayanın...
   Kralın siçovul ciyiltisi arxamca nalə çəkdi.
   * * *
   Hardansa süzülən günəş işığının istisini üzərimdə hiss edəndə addımlarımı daha da yeyinlətdim və zərblə divara çırpıldım.
   -Dedim axı.. Siz Borxesdən də korsunuz..
   Məndən uzaq kralın bu sözlərini zibilli gölməçəyə yıxılanda eşitdim.
    O, çox sürətlə zibilliyin içi ilə, mən deyərdim ki, cığır açaraq irəliləyirdi. Bir də gördüm yıxıldı. O dəqiqə sizi...
   - Bəsdir - polis kobudluqla kralın sözünü kəsdi və başım üzərində dayanmış həkimə müraciət etdi:
    - Ölüb?
   - Hə, o, kor imiş - həkim bildirdi - əsası olsaydı divara qarşı ehtiyatlı olardı.
   - Baxan kimi öldüyünü təxmin etmişdim - kral təəssüfləndi. Hər ehtimala qarşı sizi çağırmağı lazım bildim. Yoxsa elə burda da qala bilərdi. Bilirsiniz, bəlkə də biz, Borxesi görürük.
   - Bəsdir - polis yenə ona təpindi - meyiti maşına qoymağa kömək elə. Səndən heş kim şübhələnmir, sənsə elə hey üyüdürsən.
   Mənim maşına qoyulmağıma indicə bura gəlib çıxmış bir nəfər də kömək etdi.
   Əlində əsa olan adamı kral dərhal söhbətə tutdu.
   - Siz onu axtarırdınız?
   - Onu tanımıram. Təsəvvür edin bir səhər adamın əlindən əsası düşür, sənsə ona xeyirxahlıq etmək istəyirsən, amma o, əsanı almayıb qaçır. Əsasını gətirib özünə vermək istəyirdim.
   - Əslində əsası olsaydı ölməzdi, amma əla əsaya oxşayır. Bəs indi bunu neyləyəcəksiniz? Bəlkə o böyük zibil çəlləyinin üzərinə qoyaq, kiməsə lazım ola bilər, lap elə gələcək nəsillər üçün. Nə deyirsiniz?
   Hər ikisi bir-birinin üzünə baxdı. Elə bu an məni şəhərə aparan təcili yardım maşını işıqforun qırmızı rəngində dayanan avtomobil karvanında dayandı.
   
   Sabutay