Həmzə Vəliməmmədovun adı ötən əsrin 70-ci illərindən oxuculara yaxşı tanışdır. Onun Lerikin uzunömürlüləri haqqında maraqlı yazıları təkcə respublika mətbuatında deyil, keçmiş ittifaqın, Bolqarıstanın, Polşanın, Macarıstanın qəzet və jurnallarında dərc edilmişdi. Təcrübəli jurnalistin şəxsi arxivində dağlar diyarının ağsaqqalları və xeyirxah ziyalıları barədə oçerklər, yol qeydləri, reportajlar, müsahibələr dərc olunmuş qəzetlər saxlanılır.
   Bu yazılardan bir qismi, eləcə də müəllifin son illər qələmə aldığı publisistik yazıları «Qanun» nəşriyyatında yenicə çapdan çıxmış «İllərdən qalan izlər» kitabında toplanıb. Müəllif kitabda dünyasını dəyişmiş dostlarını - şair Şəkər Aslanı, şair və ictimai xadim Həmid Abbası, teatrşünas Balaşirin Eloğlunu, publisist Kəniş Həsənoğlunu, Əməkdar müəllim Mustafa Sadıqovu, bəstəkar Ağarəhim İbadovu, iqtisadçı alim Polad Ruhullayevi, el aşığı Əli Qurbanini yada salır, onların keçdiyi şərəfli həyat yolunu qələmə alıb oxucuya təqdim edir. İkinci Dünya müharibəsinin qəhrəmanı, üç «Şöhrət» ordenli Əli Hüseynovun, Reyxstaq divarlarına avtoqraf yazmış Həmzə və Feyruz Şıxəliyev qardaşlarının şücaəti sənədlər əsasında yazılıb. Kitabda yer alan məqalələrdə Lerikin arxeoloji abidələrindən, muzeylərindən və bu diyarda turizmin inkişafından danışılır. Cənub bölgəsinin adət və ənənənləri mövzusunda məqalələr də oxucunu razı salır, maraqla oxunur.
   Kitabda müəllifin 70 illiyinə həsr olunmuş yazılar da yer alıb. Millət vəkili, akademik İsa Həbibbəyli müəllif haqqında yazır: «Həmzə müəllimdə həqiqi ziyalılığa və ağsaqqallığa məxsus olan sadəlik, müdriklik, xeyirxahlıq, geniş dünyagörüşə malik olmaq kimi mühüm xüsusiyyətlər cəmləşmişdir. O, layiqli bir insan və dost kimi də səmimi və etibarlıdır». Bu fikrə akademik Budaq Budaqov, professor Asəf İsgəndərov, Əməkdar həkim Balağa Bağırov və başqa şərik olurlar.
   Memuar ədəbiyyatı seriyasından olan kitabda ixtiyar yaşına çatmış gözəl müəllimin, mədəniyyət cəfakeşinin, ağsaqqal jurnalistin arxada qoyduğu illərin kövrək xatirələri, yaddaşında qalan hadisələr sadə dildə verilir, oxucunu yormur. Atalar sözləri, zərb-məsəllər mətnlərin məzmununa uyğun seçilmiş və müəllifin fikirlərini tamamlayır.

 Rəzzaq Sucayev,
   Azərbaycan Jurnalistlər Birliyinin üzvü