Bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra maraqlı nəşr layihələri həyata keçirilib. Onların bir qismi ilə oxucularımızı tanış etmək istəyirik. Məlumat üçün bildirək ki, bu kitabları ölkədə fəaliyyət göstərən kitabxanalardan əldə etmək olar.
   
   
   “Füzuli. “Leyli və Məcnun”
   
   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı icra etmək məqsədilə yaradılmış işçi qrupu tərəfindən ölkədə cəmi 1 nüsxə qalmış, vəziyyəti son dərəcə qeyri-qənaətbəxş olan raritet və nadir kitabların siyahısı müəyyən olunmuş, bu çərçivədə artıq iki kitab nəşr edilmişdir: F.Zeynalovun “Qədim türk yazılı abidələri” (2009) və Füzulinin “Leyli və Məcnun” poeması (rus dilində)...
   “Leyli və Məcnun” 1958-ci ildə Moskvada çap edilib. Poemanı Anatoliya Starostina Rüstəm Əliyev və Leva Penkovskinin redaktəsi ilə rus dilinə çevirmişdir.
   Layihə davam etdirilir.
   
   “525 kitab” seriyasından yeni kitablar
   
   “525-ci qəzet”lə birlikdə həyata keçirilən layihə çərçivəsində bu il 6 kitab işıq üzü görüb; Xalq yazıçısı Çingiz Abdullayevin “Etiraflar vadisi” romanından bir hissə, Elçin Hüseynbəylinin “Şimallı gəlin” (hekayələr), İlqar Fəhminin “Yenə də qəzəllər” və Səlim Babullaoğlunun “Polkovnikə yazan yoxdur” şeirlər kitabı işıq üzü görüb.
   Daha 2 kitab - Mişel Uelbekin “Sağ qalmaq” adlı şeirlər və esselər, fars şairi Zöhrab Sipehrinin “Suyun ayaq səsi” şeirlər və poemalar kitablarıdır. Nümunələr Adil Mirseyid, Səlim Babullaoğlu, Pərviz Yusif və Məsiağa Məmmədinin tərcüməsində təqdim edilib.
   Bu il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “525 kitab” seriyasından daha 6 müəllifin - Boris Pasternak (Rusiya), Natiq Rəsulzadə, Fikrət Sadıq, Səməd Səfərov, gənc yazarlar Qismət və Aysel Əlizadənin kitabları işıq üzü görəcək.
   
   “Öncə yer vardı”
   
   Yazıçı Lidiya Obuxovanın şair-tərcüməçi Vaqif Bəhmənli tərəfindən dilimizə çevrilən “Öncə yer vardı” xatirə-povesti “Nağıl Evi” nəşriyyatında cəlbedici tərtibatda işıq üzü görüb. Faşizm üzərində qələbənin 65 illiyinə həsr olunan kitab 20-ci əsrin ən məşhur insanlarından biri olan, ilk kosmonavt Yuri Qaqarinin həyatından bəhs edir. Əsərin qəhrəmanının uşaqlıq və yetkinlik illəri sovet xalqının ölüm-dirim mübarizəsinə qalxdığı qanlı müharibə dövrünə düşmüşdür. Müəllif bu dövrü ustalıqla qələmə almış, qəhrəmanın yaşayıb fəaliyyət göstərdiyi mühiti oxucunun təsəvvüründə lazımi səviyyədə canlandıra bilmişdir. “Kitab və onun qəhrəmanı barədə” adlı ön söz Sovet İttifaqı Qəhrəmanı, aviasiya general-polkovniki N.P.Kamanin tərəfindən qələmə alınıb.
   Dilimizə uğurla çevrilən xatirə-povest “İlk tanışlıq”, “Qaqarinlər şəcərəsi”, “Müəlliminin söhbəti. Məktəb illəri”, “Ay, Raxmetov və Qaqarinin gündəliyi”, “Birinci qanad” və s. kimi maraqlı bölmələrdən ibarətdir.
   
   Xaqani seminarının materialları
   
   “XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqaninin həyat və yaradıcılığına həsr olunan milli seminarın materialları” toplusu adından göründüyü kimi, ötən il 800 illiyi tamam olan böyük şairə həsr edilmiş tədbirdəki çıxışlardan ibarətdir.
   Məlumat üçün bildirək ki, 2009-cu il dekabrın 11-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən seminar “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” tədbirləri çərçivəsində AMEA ilə birlikdə həyata keçirilmişdir.
   Topluda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin giriş nitqi, akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya elmləri doktoru Tərlan Quliyev, filologiya elmləri doktoru İmamverdi Həmidov, filologiya elmləri doktoru Nüşabə Araslı, filologiya elmləri doktoru Kamil Allahyarov, filologiya elmləri namizədi Leyla Əliyeva və filologiya elmləri namizədi Reyhan Aydəmirovanın məruzələri yer alıb.
   
   “Sevgi fəsli”
   
   “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” tədbirləri çərçivəsində nəşr edilən kitabda İslam ölkələri şairlərinin şeirləri toplanıb. Müxtəlif ədəbi nəsilləri təmsil edən söz ustaları əsasən islami-mədəni-mənəvi dəyərlərin, insan sevgisinin vəsfinə nail olub, duyğu və düşüncələrini obrazlı ifadə etməyi bacarıblar.
   “Sevgi fəsli”ndə Türkiyə, İraq, İran, Özbəkistan, Qazaxıstan, Pakistan, Misir, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Fələstin, Livan, Tatarıstan, Abxaziya və təbii ki, Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrinin şeirləri daxil edilib.
   “Çinar-çap” nəşriyyatında buraxılan kitabın tərtibçisi və redaktoru Ağacəfər Həsənlidir.
   
   “Estetika”
   
   Böyük estet və filosof Yuri Borevin “Estetika” kitabını Azərbaycan dilinə tərcüməçi Rahid S. Ulusel çevirib. Kitab “Təhsil” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.
   Y.Borevin zaman-zaman üstündə işlədiyi və təkmilləşdirdiyi “Estetika” kitabı dünya ölkələrində dəfələrlə nəşr olunub. Əsərin rus dilində 6 nəşri vardır. Dilimizə çevrilən bu tərcümə orijinaldan zəruri ixtisarlarla və rus dilində olan digər nəşrlərlə tutuşdurularaq edilmişdir.
   Kitabdan mədəniyyət və incəsənət problemləri ilə nəzəri və praktiki şəkildə məşğul olan mütəxəssislər, ali məktəb tələbələri, dünyanın estetik cəhətdən dərkinə çalışan, onun gözəllik və harmoniya qanunlarına varmaq istəyən geniş oxucu çevrəsi yararlana bilər.
   
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan digər nəşrlər barədə növbəti saylarımızda məlumat verəcəyik.