Ziyadxan Əliyevin Səttar Bəhlulzadəyə həsr olunmuş kitabı haqqında qeydlər
   
   Aprelin 16-da Dövlət İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu” kitabının təqdimat mərasimi keçiriləcək. Kitabı böyük sənətkar S.Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2008-ci il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi nəşr edib. Nəfis tərtibatlı kitab “Aspoliqraf” nəşriyyatında çap olunub.
   
   Qeyd edək ki, S.Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncama əsasən, 2009-cu ildə bir çox tədbirlər keçirilib. İncəsənət Muzeyində və UNESCO-nun Parisdəki mənzil-qərargahında S.Bəhlulzadəyə həsr edilmiş sərgilərin təşkili və sənətkarın həyat və yaradıcılığından bəhs edən nəfis kataloqun çap edilməsi sadalanan işlərə bariz nümunədir. Bu işlər böyük rəssamın keşməkeşli həyatı boyu Azərbaycan incəsənəti üçün etdiyi fədakarlıqların xalqımıza və dünyaya çatdırılması üçündür.
   Ziyadxan Əliyev 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976-1982) təhsil alıb. Təsviri sənətimizin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. “Sənətin Məcnunu” kitabını müəllifin yaradıcılığının ən yaddaqalan əsəri hesab etmək olar. Müəllif hələ S.Bəhlulzadə ilə ilk tanışlığından başlayaraq dahi rəssamla canlı ünsiyyətləri və uzun illər apardığı gərgin axtarışları nəticəsində bu kitabı ərsəyə gətirib.
   Azərbaycan incəsənət tarixində S.Bəhlulzadənin həyat və yaradıcılığına həsr edilmiş kitabları ötəri şəkildə belə nəzərdən keçirsək, deyə bilərik ki, indiyədək sənətkara layiq səviyyədə kitab çap edilməmişdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş “Sənətin Məcnunu” kitabı bu sahədə görülmüş işlərdən ən uğurlusu olmaqla hadisə sayıla bilər.
   Qeyri-adi həyat yaşamış S.Bəhlulzadənin əsərlərinin bitib-tükənməyən enerjisi, ideyalarının ölməzliyi insanı bu şəxsiyyət haqqında oxumağa, öyrənməyə, maraqlanmağa vadar edir. Sənətkarın həyat və yaradıcılığını əhatə edən müxtəlif məsələlər barədə Z.Əliyev kitabda ayrı-ayrı bölmələrdə geniş, maraqlı məlumatlar verib.
   Müəllif “Rəssamın həyat və yaradıcılığı”, “Rəssamın qrafik irsi”, “Füzuli poeziyası... Səttar dünyası”, “Səttar Bəhlulzadə sənətkarlığı”, “Səttar fəlsəfəsi”, “Süslənmiş rənglərin poetikası”, “Səttar Bəhlulzadə yaradıcılığında tarixilik”, “Rəssamın gündəlikləri”, “Səttar Bəhlulzadə sənət haqqında”, “Səttar Bəhlulzadə haqqında fikirlər”, “Səttar ömrü xatirələrdə”, “Səttar Bəhlulzadəyə ithaflar” (şeirlər), “Səttar Bəhlulzadəyə ithaflar” (tablolar, heykəllər), “Söz adamlarını duyğulandıran sənətkar”, “Şamaxının qonağı”, “Əbədiyyətə qovuşan anlar”, “Səttar əliaçıqlığı”, “Səttar hazırcavablığı”, “Səttar Bəhlulzadənin əsərlərinin siyahısı”, “Səttar Bəhlulzadənin ömür yolu” bölmələrində sənətkar haqqında ətraflı məlumat verib. O, sadalanan bölmələrdə sənətkarın həyat və yaradıcılığına müxtəlif prizmalardan yanaşaraq son nəticədə Səttar sənətinin böyüklüyünü oxucuya çatdıra bilib. Kitaba rəssamın yaradıcılığı haqqında ingilis və rus dillərində də qısa məlumat əlavə olunub.
   Z.Əliyev kitabı oxunaqlı bir dildə yazıb. Belə ki, müəllif kitabı elmi və bədii üslub xüsusiyyətlərinin sintezindən istifadə etməklə xalq danışığına yaxın, poetik bir üslubla qələmə alıb. Müəllifin S.Bəhlulzadə ilə müxtəlif vaxtlarda, müxtəlif yerlərdə birgə olması ona sənətkarı daha yaxından müşahidə etmək imkanları qazandırıb. S.Bəhlulzadənin ən gərgin və ən xoş məqamlarında keçirdiyi hisslər, onun necə hazırcavab olduğu, nə dərəcədə sadə həyat yaşadığı, sənət barədə dolğun fikirləri müəllifin əyani ünsiyyəti, müşahidələri nəticəsində oxucuya çatdırılıb.
   
   Əsəd Quliyev,
   sənətşünas, Rəssamlar İttifaqının üzvü