Sumqayıt

N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Dövlət Bayrağı Gününə həsr edilmiş musiqili gecə keçirilib.

Sumqayıt Regional Mədəniyyəti İdarəsinin rəisi Mehman Şükürov şəhərdə aparılan abadlıq və quruculuq işlərindən, inşa edilən mədəniyyət obyektlərindən, mədəniyyət sahəsində həyata keçən layihələrdən danışıb.

Daha sonra Malik Məmmədovun aparıcılığı ilə davam edən konsertdə Sumqayıtın yetirmələri olan sənət adamlarının ifaları dinlənilib. Əməkdar artistlər Ədalət Şükürov və Nüşabə Ələsgərli, müğənnilər Sevda Kazımova, Mənzurə Musayeva, Rəhilə Quliyeva, aşıq Ulduz və Sədaqət Quliyevaların çıxışları, “Xəzri” rəqs, “Gilavar” instrumental ansamblının ifası alqışlarla qarşılanıb.

 

Xaçmaz

Rayon Tarix-Diyarşünaslıq muzeyində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi ilə əlaqədar kitabxana ictimaiyyəti və ziyalılar ilə görüş keçirilib.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, regionlarda belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, kitabxana sahəsində görülən işlərdən, yeniliklərdən, Bakı Dövlət Universitetinin Kitabxana-informasiya fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımı elektron kitabxana, sosial şəbəkələrdə kitabxanaların fəaliyyətindən bəhs edib.

 

Qusar

Rayondakı Heydər Əliyev Mərkəzində general Mahmud Əbilovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Davud İbramxəlilov, idarənin rəisi Nazim Ağayev generalın həyat yolundan söhbət açıblar. Muzeyin əməkdaşları L.Bağırova və T.Nəsruyevanın məruzələri dinlənilib.

Rayon Veteranlar evinin sədri C.Məmmədov, “General Mahmud Əbilov“ kitabının müəllifi H.Yargunvi də general-mayorun gənclərə örnək ola biləcək həyat yolu haqqında çıxış ediblər.

Şagirdlərin söylədiyi şeirlər, İncəsənət məktəbinin xorunun ifasında “Torpağın səsi” mahnısı tədbirə rəng qatıb. Sonda “Kiçik kəndin böyük generalı” filmi  nümayiş olunub.

 

Şəki

Tarix-Diyarşünaslıq muzeyində “Mənim bayrağım – mənim qürurum” adlı tədbir təşkil olunub. Muzeyin direktoru Yaqut Cəlalova, Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İradə Abdullazadə mövzu ilə bağlı çıxış ediblər.

Tarix-Diyarşünaslıq Muzeyinin, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin və 6 saylı kitabxananın kollektivləri iştirak etdiyi tədbirdə “9 noyabr Dövlət Bayrağı Günüdür” adlı sərgi təşkil edilib.

 

Füzuli

Füzuli Dövlət Dram Teatrı Beyləqan rayonunda N saylı hərbi hissənin yaranmasının ildönümü ilə əlaqədar konsert-tamaşa proqramı ilə çıxış edib.

Proqramda teatrın repertuarında olan tamaşalardan parçalar,  artistlərin ifasında hərbi-vətənpərvərlik mahnıları təqdim olunub.

Sonda teatr kollektivi mütəmadi olaraq hərbi hissədəki davamlı çıxışlarına görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.